08 iyun 2026 16:08
99

Türkiyə qırıcılarının Aİ müdafiə nazirlərinin təyyarələrini izlədiyi iddia olunur

Yunan-Kipr mətbuatında yayılan məlumatlara görə, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Kipr üzərində Yunanıstan, Franca və Hollandiya müdafiə nazirlərini daşıyan təyyarələri müəyyən müddət müşayiət edib.

“İki sahil” xəbər verir ki,  məlumatı yunan-kipr nəşri "Philenews" Yunanıstan Müdafiə Nazirliyindəki mənbələrə istinadla yayıb.

İddialara görə, Şimali Kiprdə yerləşən Ercan hava limanından havaya qalxan iki ədəd F-16 Fighting Falcon qırıcısı Avropa İttifaqı müdafiə nazirlərinin təyyarələrini bir müddət izləyib. Həmçinin hava hərəkətinə nəzarət xidmətlərinin də həmin təyyarələrin rabitə əlaqələrinə müdaxilə etdiyi irəli sürülür.

Nazirlər Aİ müdafiə rəhbərlərinin qeyri-rəsmi görüşündə iştirak etmək üçün Kiprin paytaxtı Nicosiaya səfər edirdilər.

Məqalədə qeyd olunur ki, Şimali Kipr hakimiyyəti daha əvvəl də Nikosiyada keçirilən oxşar Avropa İttifaqı toplantıları zamanı analoji addımlar atıb. Yunanıstan Müdafiə Nazirliyindəki mənbələr hadisəni Fransa ilə Kipr Respublikası arasında imzalanmış yeni hərbi əməkdaşlıq sazişinə reaksiya kimi qiymətləndiriblər.

Söhbət Fransa və Kipr arasında bağlanan və Fransa Silahlı Qüvvələrinin adada yerləşdirilməsinə imkan verən SOFA (Qüvvələrin Statusu haqqında Saziş) müqaviləsindən gedir. Həmin sənəd elə həmin gün imzalanıb.

Digər tərəfdən, türk-kiprli aviadispetçerlərin həmkarlar ittifaqının rəhbəri Kursad Hudaverdioglu "Cyprus Mail" nəşrinə açıqlamasında F-16-ların fövqəladə vəziyyət səbəbindən havaya qaldırıldığını bildirib.

Onun sözlərinə görə, qırıcılar adanın şimal hissəsində uçuş həyata keçirib və heç bir hava sərhədini pozmayıb.