09 iyun 2026 01:11
93

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel, Kiprin yunan icması ilə Fransa arasında imzalanan Hərbi Qüvvələrin Statusuna dair Sazişin (SOFA - Status of Forces Agreement) adada status-kvoya və regional balansa xələl gətirdiyini, bu razılaşmanın Aralıq dənizinin şərqində sabitliyə mənfi təsir göstərə biləcəyini bildirib.

“İki sahil” xəbər verir ki, ŞKTR-nin hökumət başçısı Nikosiya-Paris razılaşmasını “beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olan səhv addım” adlandırıb.

Ü.Üstel Kipr türk xalqının varlığını nəzərə almayan birtərəfli anlaşmaların tarixi, hüquqi və siyasi reallıqlardan uzaq olduğunu vurğulayıb.

“Faktiki olaraq xarici hərbçilərin Kiprdə daimi mövcudluğunu təmin etmək üçün hüquqi çərçivə yaradılır. Bu cür yanaşma regionda sülhə, sabitliyə və təhlükəsizliyə heç bir töhfə verə bilməz. Adamızı əməkdaşlıq və dialoq platformasından uzaqlaşdıran, hərbi rəqabət səhnəsinə çevirən bu kimi yanaşmalar regional gərginliyi artıracaq”,- deyə o vurğulayıb.

Baş nazirin sözlərinə görə, BMT Baş katibinin Kipr üzrə şəxsi nümayəndəsinin adada təmaslarını davam etdirdiyi və tərəflər arasında dialoqun təşviq edilməsi istiqamətində səylərin göstərildiyi bir vaxtda imzalanan SOFA Sazişi “konstruktiv səylərə xidmət edə bilməz”.

ŞKTR -nin Baş naziri bəyan edib ki, "Kiprdə davamlı sabitlik və uzun müddətli sülh yalnız iki dövlətin bərabər beynəlxalq statusunun qəbul edilməsi ilə mümkün olacaq".