10 iyun 2026 20:27
109

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

İsveçrənin Sürix şəhərində Vəkillərin Beynəlxalq Assosiasiyasının (UIA) Baş Assambleyası tərəfindən təşkil olunan 17-ci İllik Biznes Hüquq Forumunda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Əfifə Əsgərova Kazancı, Nərmin Süleymanlı, Gülay Səfərova və Xəyalə Cəfərova da təmsil olunublar.

“İki sahil” xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Qeyd olunub ki, forum çərçivəsində Vəkillər Kollegiyasının beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə bir sıra görüşlər keçirilib. Belə ki, Kollegiyanın nümayəndələri İsveçrə Vəkillər Kollegiyasının sədri Georg Rauber, eləcə də müxtəlif ölkələrin vəkillik qurumlarının təmsilçiləri ilə görüşərək qarşılıqlı əməkdaşlıq perspektivləri, təcrübə mübadiləsi və gələcək birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar.

Görüş zamanı Georg Rauber yaxın zamanda ölkəmizə səfər etməyi planlaşdırdığını bildirərək ölkəmiz barədə xoş təəssüratlarını bölüşüb və Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını ifadə edib.

Qeyd edək ki, 1927-ci ildə yaradılmış və 110 ölkədən üzvü olan UIA peşəkar inkişafı asanlaşdıran, hüquqşünasların təhsil və şəbəkələşməsinə töhfə verən və qanunun aliliyini təşviq edən qlobal və multikultural təşkilatdır.