Otuz üç il əvvəlki Azərbaycan...Ərazilərimizin davamlı işğalı, düşmənin hücumları qarşısında duruş gətirə bilməyən özəl silahlı dəstələrin geri çəkilməsi, cəmiyyətdə xaos, aclıq, xəyanətin baş alıb getməsi, cinayətkarların qarşısının alınmaması, işsizlik, iqtisadiyyatın dağıdılması və s. cəbhə xəttində dəhşətli məğlubiyyətlər, kənd və şəhərlərimizin yağı əlinə keçməsi, saysız-hesabsız bəlalar...Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və Əbülfəz Elçibəy kimi bacarıqsızların fərasətsizliyi ucbatından heç bir ümidverici addım atılmadı. Azərbaycan dövlət kimi məhvolmanın sonuncu pilləsinə çatmışdı.
O illəri xatırlayarkən bu acı səhnələr göz önündə belə canlanır...
Müasir müstəqil dövlətimizin qurucusu, Ümummilli Lider Heydər Əliyev sonralar müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu açıq göstərirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət yalnız Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın qəlbinin səsi, ürəyinin istəyi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. İzdihamlı yığıncaqlarda hamı Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb edirdi. Gəncədə törədilən qiyam bu fikri daha da kəskinləşdirdi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən, xarici və daxili müdaxilələrdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş nöqtəsi oldu, böyük qurtuluşa doğru mühüm addımlar atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. Artıq göz önündə idi ki, AXC-Müsavat cütlüyü Surət Hüseynov kimi bir avantürist və satqın qiyamçının öhdəsindən gələ bilmir. Hələ dövləti içindən dağıdan Rəhim Qazıyev, Əlikram Hümbətov, “Sadval” təşkilatı və digər ünsürlər də vardı. Onlar “ilana ağu verən” rolunu oynayırdılar.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ilk növbədə ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.
Bəli, nə qədər çətin olsa da Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, möhkəmlətdi, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və əvvəl dirçəlişin sonra inkişafın təməlini qoydu.
Bir ildən sonra neft strategiyasının həyata keçirilməsinə başlamaqla Azərbaycan müstəqilliyini daha da möhkəmlətdi və bütün sahələrdə durğunluqdan və gerilikdən inkişaf yoluna çıxarıldı. Bu, o zaman üçün hamının görə bilmədiyi yeganə xilas yolu idi və ilk dəfə onu Ulu Öndər gördü. 1994-cü ilin payızında bağlanan neft müqaviləsini dünyanın 14 ölkəsi və nəhəng şirkətlərinin rəhbərləri imzalamaqla Azərbaycanın təhlükəsizliyinə qarant verməli oldular. Əlbəttə, ABŞ-ın, İngiltərənin, Çinin, Yaponiyanın, Türkiyənin, Rusiyanın, İtaliyanın və digər inkişaf etmiş dövlətlərin müqaviləni imzalaması ilə bəzi bədxah dairələrin və xain qüvvələrin əl-qolu bağlanmış oldu. Beləliklə, Azərbaycanın kövrək müstəqilliyi möhkəmləndirildi. Cəbhədə atəşkəs rejimi tətbiq edildi.
Daxildəki xəyanətkar qüvvələr və hərbi cinayətkarlar aradan götürüldükcə cəmiyyət xeyli dərəcədə saflaşdı, insanların dövlətə inamı artdı. Xarici müdaxiləçilər də qüvvələr nisbətinin onların ziyanına dəyişdiyini gördülər. Onlar Heydər Əliyev zəkasının önündə davam gətirə bilmədilər.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Ali Baş Komandan, Prezident İlham Əliyev iqtisadiyyatı və ordu quruculuğunu daha da gücləndirərək İkinci Qarabağ müharibəsində işğalçı Ermənistan üzərində möhtəşəm Zəfər qazandı. İşğal altında qalan ərazilərimiz düşmən tapdağından azad edildi. Artıq 5 ildən çoxdur ki, Azərbaycan sülhsevər siyasəti və iri iqtisadi layihələri ilə dünyanın diqqətini cəlb edir. Ölkəmiz dünya miqyaslı beynəxalq tədbirlərin keçirildiyi sivil məkana çevrilib. Bu, dövlətimizin nüfuzunu daha da yüksəldir, xalqlar arasında xalqımızın hörmətini artırır.
Müstəqil Azərbaycan və Ümummilli Lider Heydər Əliyev! Bu ifadə əsrlər boyu Azərbaycan tarixində yaşayacaq!
Vəli İlyasov, “İki sahil”