24 iyul 2026 17:00
224

Strateji müstəviyə yüksəldilən Azərbaycan-Almaniya əməkdaşlığı

2026-cı il iyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri ikitərəfli münasibətlərin tarixində yeni bir səhifə açdı. Bu səfər təkcə iki ölkə arasında deyil, həm də Cənubi Qafqaz regionunda və Avropada geosiyasi dinamikaya təsir göstərən mühüm hadisə oldu. Berlin görüşləri, imzalanan sənədlər və verilən bəyanatlar Azərbaycan-Almaniya əməkdaşlığının strateji müstəviyə yüksəldiyini və gələcək üçün geniş perspektivlər açdığını göstərdi. Bu səfər həm enerji təhlükəsizliyi, həm iqtisadi inteqrasiya, həm nəqliyyat dəhlizləri, həm də regionda sülh prosesi baxımından mühüm əhşmiyyət kəsb etdi. Səfərin ən mühüm siyasi nəticəsi “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin imzalanması oldu. Həmin sənəd münasibətlərin yeni əsasını qoydu və əməkdaşlığın iqtisadiyyat, enerji, nəqliyyat, infrastruktur, ticarət, investisiya, elm və texnologiya kimi geniş spektrini əhatə etdi. Almaniya İtaliyadan sonra Azərbaycanla strateji tərəfdaşlıq sazişi imzalayan ikinci Avropa İttifaqı ölkəsi oldu. Bu, Bakı ilə Berlin arasında münasibətlərin nə qədər ciddi və perspektivli olduğunu göstərən mühüm göstəricidir. Prezident İlham Əliyev mətbuata bəyanatında imzalanmış sənədlərin əlaqələri yeni səviyyəyə qaldıracağına əminliyini ifadə etdi. O qeyd etdi ki, strateji dialoqun başlanması arzulanırdı və buna nail olunmuşdur. Eyni zamanda, iqtisadi əlaqələrin genişləndirilməsi üçün imzalanmış Birgə Bəyannamənin fəal işləyəcəyinə və yaxşı nəticələr verəcəyinə inamını bildirdi. İkitərəfli gündəliyin genişliyini vurğulayan Prezident Əliyev, Almaniyanın Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda təsirini artırdığını və Azərbaycan-Almaniya əlaqələrinin təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə regionda əməkdaşlığa, sülhə və əmin-amanlığa töhfə verəcəyini qeyd etdi. Bu yanaşma göstərir ki, Bakı ilə Berlin arasındakı əməkdaşlıq daha geniş coğrafi kontekstdə, regionun dayanıqlı inkişafına yönəlik formalaşır. İqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi səfərin əsas prioritetlərindən biri idi. Almaniya şirkətləri artıq uzun müddətdir Azərbaycanda uğurla fəaliyyət göstərir və onların sayı 200-dən çoxdur. Prezident Əliyev bildirdi ki, bu səfərdən sonra fəaliyyət göstərən şirkətlərin sayının daha da artacağı gözlənilir. Qarşılıqlı sərmayə qoyuluşu məsələləri müzakirə edilmiş, alman şirkətlərinin Azərbaycanda daha geniş fəaliyyəti üçün konkret təkliflər irəli sürülmüşdür. Bu təkliflərin həyata keçirilməsi üçün işçi qrupları yaradılacaq. İqtisadi əməkdaşlığın mühüm tərkib hissəsi kimi “Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə” imzalandı. Bu qurum biznes mühitinin yaxşılaşdırılması, investisiya imkanlarının artırılması və şirkətlər arasında əlaqələrin genişləndirilməsi üçün mühüm platforma rolunu oynayacaq. Ticarət dövriyyəsinin göstəriciləri də əməkdaşlığın dinamikasını əks etdirir: 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsi təxminən 1,7 milyard avro təşkil etmiş, 2026-cı ilin ilk altı ayında isə bu rəqəm 573 milyon ABŞ dollarına yaxın olmuşdur. Almaniya Azərbaycan neftinin ən böyük alıcılarından biri olmaqda davam edir. Enerji əməkdaşlığı səfərin mərkəzində dayanan ən mühüm mövzulardan biri idi. Prezident İlham Əliyev bildirdi ki, hazırda Azərbaycan qazı Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır. Bu, qitənin enerji təhlükəsizliyinə mühüm töhfədir. Səfər çərçivəsində Cənubi Qafqazda sülh prosesi də mühüm müzakirə mövzusu oldu. Prezident İlham Əliyev bu prosesdə Almaniyanın rolunu yüksək qiymətləndirdi. O, uzun illərdən sonra Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh sazişinin paraflanması, Vaşinqtonda Ağ Evdə Prezident Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanmasının faktiki olaraq 30 il davam edən münaqişəyə son qoyduğunu vurğuladı. Azərbaycan bu razılaşmadan dərhal sonra praktiki addımlara keçdi. Bu gün Azərbaycan tərəfindən təchiz edilmiş benzin və dizel yanacağı Ermənistanın enerji təhlükəsizliyinə mühüm töhfədir. Prezident İlham Əliyev çıxışında Avropa İttifaqı-Azərbaycan əlaqələrinə də toxundu. O qeyd etdi ki, bu il həm Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın, həm Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenin Azərbaycana səfərlərinin şahidi olmuşuq. Bu səfərlərin böyük siyasi mənası var və Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri daha da gücləndirəcək. Almaniya Avropa İttifaqına üzv olan ölkələr arasında lider olduğu üçün burada təbii ki, həm Almaniyanın rolu çox böyükdür, eyni zamanda, gələcək əməkdaşlıq üçün də Almaniya öz səylərini göstərəcək. 2026-cı il iyulun 21-də Berlində imzalanmış sənədlər Azərbaycan-Almaniya münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu səfər Azərbaycanın beynəlxalq arenada artan rolunu, enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mövqeyini və nəqliyyat dəhlizlərinin inkişafında mərkəzi əhəmiyyətini bir daha təsdiqlədi.

Ramiz Hüseynov,

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri