Məşhur amerikalı rejissor və prodüser Steven Spielberg bildirib ki, o, iki dəfə Ceyms Bond haqqında film çəkmək istəyib, lakin “Bondiana” seriyasının prodüseri Albert R. Broccoli buna icazə verməyib.
“İki sahil” xəbər verir ki, rejissor bu barədə The Rest Is Entertainment proqramında danışıb.
Spilberqin sözlərinə görə, ilk müraciətini 1975-ci ildə, Jaws (“Çənələr”) filminin uğurundan sonra edib.
"Bond haqqında film çəkmək istəyim Dr. No filmini izlədiyim vaxtdan yaranmışdı. Mən Kabbiyə (Albert Brokkoliyə) zəng etdim və dedim ki, əgər rejissora ehtiyacınız varsa, mən hazıram. Amma o, imtina etdi”, — deyə Spilberq xatırlayıb.
Bir neçə il sonra artıq Albert Brokkoli özü rejissora müraciət edərək "Close Encounters of the Third Kind" filmindəki məşhur melodiyadan Bond seriyasının 11-ci filmi olan Moonraker ekran əsərində istifadə etmək üçün icazə istəyib.
Spilberq bu təklifə yalnız növbəti Bond filmini çəkmək hüququ əldə edəcəyi təqdirdə razı ola biləcəyini bildirib. Lakin prodüser yenə də onun bu istəyini qəbul etməyib.
Rejissor əlavə edib ki, 1977-ci ildə bu hadisəni dostu və həmkarı George Lucas ilə bölüşüb. Bundan sonra Lukas ona yeni layihə təklif edib və nəticədə Spilberq Raiders of the Lost Ark filmi ilə başlayan “İndiana Cons” seriyasını çəkməyə başlayıb.
Spilberq zarafatla əlavə edib: “Əgər indi məndən Ceyms Bond filmi çəkməyi istəsələr, cavab verərdim ki, siz bunun xərcini qarşılaya bilməzsiniz.”