12 iyun 2026 20:04
95

Vətən, torpaq sevgisi...

Tariximizin şərəfli səhifəsi olan 44 günlük haqq savaşımızda qazanılan parlaq qələbəmiz  minlərlə  qeyrətli, mətin  ər oğlumuzun   qanı bahasına oldu. Məhz  26 noyabr 1990-ci ildə Biləsuvar  rayonunun Amankənd  kəndində dünyaya göz açan Vüqar Fikrət oğlu  Sarıyevi  odun-alovun içinə aparan Vətən, torpaq sevgisi idi.  Vüqar müqəddəs bir yolda şəhid olduğu üçün ölümü qəhrəmanlıq məktəbi kimi tarixə yazıldı.  Nəticədə  təkcə ailəsinin yox, bütün Azərbaycanın fəxri, qəhrəman övladı oldu. O, cismən aramızdan getdi, ulduzlarla qoşalaşıb yeni bir həyat yaşamaqla  əbədiyyət qazandı.  Fəqət,  zaman-zaman  gələn nəsillər Vüqarın şərəfli ömür yolunu özlərinə örnək bilməklə igidliyi, cəsarəti ondan öyrənərlər. Eləcə də ölümündən sonra  layiq görüldüyü  “Vətən uğrunda”, “İgidliyə görə”, Suqovuşanın, Laçının  azadlığı uğrunda medalları  ağır müharibə meydanında onun göstərdiyi şücaətinə  bir nümunə olacaqdır.

İndi  adı qələbəmizin qəhrəmanlıq simvolu kimi çəkilən Vüqar  Fikrət oğlu   hər qarışına ürəkdən bağlandığı doğma Azərbaycana  sevgi, torpağına dadanmış yağıya nifrət hiss ilə böyüyə-böyüyə  orta məktəbi bitirib,  eyni zamanda peşə təhsilini də alıb. Müstəqil həyata qədəm qoyanda  xoşbəxtliyini  yurduna, torpağına sevgidə, insanlarla  xoş ülfətdə görüb. Vətənpərvərlik, milli ləyaqət  bütün  əməllərində özünü göstərib.  Tərbiyəsi, əxlaqı ona yalnız hörmət qazandırıb. Lap gənc yaşlarında  örnək olan adamlar arasında özünə  xüsusi yer edib.

Canından artıq sevdiyi Vətənin bir parçası yağı tapdağında olduğuna görə hərbiçi peşəsini seçməyi ən müqəddəs iş sayıb. Həm də hələ məktəbdə oxuduğu zaman qəlbi  Qarabağımızın azadlığı uğrunda  döyüşçü olmaq arzusu ilə döyünüb.  Son dərəcə  mərd, cəsur, ağıllı bir gənc olan  Vüqarın əsgərliyi cəbhə bölgəsinə düşüb, o, bununla özünə qürur duyub. Tezliklə erməni işğalına  son qoyulacaq günə  inanan əsgər  Vətəni  göz-bəbəyi kimi qorumaqla  vacib təlimlərə də həvəslə qatılıb, həmişə  döyüş igidliyinə görə fərqlənib.  Bununla da sübut edib ki, həqiqətən  vətəndaşı olduğu Azərbaycanı canından artıq sevir. Əsgərlər, zabitlər Vüqarın bu mərdliyinə, qeyrətinə  sözün həqiqi  mənasında heyran kəsiliblər.   Üzüağ,  başıuca   əsgərliyi   başa vurduqdan sonra, yəni  2016-cı ildə müddətdən artıq hərbi qulluqçu olaraq Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə, bir müddətdən sonra isə Murovdağ yüksəkliyində Vətənə xidmət edib. Həmçinin döyüş meydanında yağıya  diz çökdürmək üçün hərbin sirlərinə mükəmməl yiyələnib. 

Azərbaycanın tarixində yeni bir səhifə açan 2020-ci ilin 27 sentyabrında  Vətən müharibəsi  başlayan kimi əlinə silah alıb qorxmadan  düşmənin üstünə  gedib. Hər qarış torpaq naminə  böyük inamla vuruşa-vuruşa, yağıya diz çökdürə-çökdürə qələbəyə doğru addımlayıb.  Endirdiyi sarsıdıcı zərbələri  nəticəsində  dığalar xeyli canlı qüvvə, döyüş texnikasını  itirib.   Murovdağ, Cəbrayıl, Füzuli və Laçın rayonları istiqamətində gedən  ölüm-dirim savaşında göstərdiyi  igidlik  dillərdən düşməyib .  10 oktyabr 2020-ci il tarixində Suqovuşan istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.  Özü dünyadan vaxtsız getsə də, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü naminə  canı və qanı  bahasına  möhtəşəm bir tarix yazıb. Bu tarixlə Vüqar milyonların qəlbində  sonsuzadək yaşayacaq.

Zəfər Orucoğlu, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü