12 iyun 2026 19:01
133

Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır

Lənkəran Dövlət Universitetində bu mövzuda tədbir keçirilib

Lənkəran Dövlət Universitetində Elm və Təhsil Nazirliyinin və Qərbi Azərbaycan İcmasının  birgə  təşkilatçılığı ilə “Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda tədbir keçirilib.

Açılış mərasimində çıxış edən Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov belə maarifləndirici görüşlərin gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə hörmət, dövlətçiliyimizə sədaqət ruhunda tərbiyəsinə müsbət təsir göstərdiyini qeyd edib, Qərbi Azərbaycan İcmasının bu istiqamətdəki fəaliyyətini yüksək dəyərləndirib. Qərbi Azərbaycana qayıdış məsələsinin Azərbaycanın milli ideologiyası, tarixi ədalətin bərpası və dövlət siyasəti baxımından strateji, taleyüklü bir hədəf olduğunu deyən prof. N. İbrahimov bu məsələnin beynəlxalq hüquq, həm də milli kimlik müstəvisində çoxşaxəli fəaliyyət tələb etdiyini xüsusi vurğulayıb. Bu strateji xəttin reallaşdırılması üçün hazırda dövlət səviyyəsində böyük arxiv, sənədləşdirmə və elmi-tədqiqat işləri həyata keçirildiyini qeyd edərək Lənkəran Dövlət Universitetində bu istiqamətdə keçirilən tədbirlərdən danışıb,  qarşıda duran vəzifələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova icmanın çoxşaxəli  fəaliyyətindən ətraflı söz açıb, respublika elm və təhsil nazirliyi ilə birgə orta ümumtəhsil məktəblərində və ali təhsil ocaqlarında keçirilən tədbirlərdən, belə görüşlərin gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsindəki rolundan danışıb,  tarixi faktlara, elmi-bədii mənbələrə istinadən Qərbi Azərbaycanın əzəli və əbədi Azərbaycan torpağı olduğunu bildirib, o torpaqlara qayıdışın çox da uzaq tarix olmayacağına inamını ifadə edib.

Tədbirdə Elm və Təhsil Nazirliyinin məsul əməkdaşları Hilal Salmanov, Rövşən Ağayev çıxış edərək Qərbi Azərbaycan İcmasının təmsil etdikləri qurumla birgə həyata keçirdiyi tədbirlərdən söz açıblar. Qərbi Azərbaycana qayıdış məsələsinin təhsil və elm müstəvisində reallaşdırılmasını gənc nəslin maarifləndirilməsi, tarixi yaddaşın qorunması və beynəlxalq təbliğat üçün əsas hərəkətverici qüvvə adlandırıblar. Elm və Təhsil Nazirliyinin və Qərbi Azərbaycan İcmasının bu istiqamətdə həyata keçirdiyi birgə strateji layihələrdən söz açaraq  “Qərbi Azərbaycana qayıdış” olimpiadasının, məktəblərdə açıq dərslərin və görüşlərin, “Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” kimi müsabiqələrin, beynəlxalq elmi konfransların əhəmiyyətini qeyd ediblər.

Tədbirdə elan edilib ki, universitetin Elmi şurasının qərarı ilə Lənkəran Dövlət Universitetində “Qərbi Azərbaycan irsinin tədqiqi və təlimi” Mərkəzi yaradılmışdır.

İnteraktiv formatda davam edən tədbirdə tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Sonda Qərbi Azərbaycan İcmasının və Respublika  Elm və Təhsil Nazirliyinin  dəstəyi ilə çap olunmuş xeyli sayda bədii və elmi ədəbiyyat Universitetin Elmi  kitabxanasına hədiyyə edilib.

***

Təhsil Kompleksində açıq dərs

11 iyun 2026-c; il tarixində Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksində “Qərbi Azərbaycan əzəli torpağımızdır” mövzusunda yuxarı sinif şagirdləri üçün Açıq dərs keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov bildirib ki, Qərbi Azərbaycan tarixinin öyrənilməsi, unudulmuş bir tarixin yaddaşlarda bərpası, həqiqət məqamının oyanışı  və gerçək tariximizin təbliği, yeni haqq davamızda milli  oyanışın bugün  ən vacib sütunlarından və dayaqlarından birinə çevrilməlidir. Tarixi faciələrlə dolu olan xalqımızın öz əzəli yurdlarına dönüşü üçün təhsil işçilərinin üzərinə çox müqəddəs və vacib bir yük düşür.

Sonra Açıq dərsi aparan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix və tarixin tədrisi texnologiyaları kafedrasının müdiri, dosent Dəyanət Musayev  qeyd edib ki, qısa bir zaman kəsiyində, dörd dəfə deportasiya  və soyqırıma məruz qalan bir cəmiyyətin, tarixi-mədəni, pedaqoji-psixoloji irsinin öyrənilməsi, tədqiqi, təbliği və tədrisi, tarixi yaddaşla möhkəmləndirilmiş genetik qanunauyğunluğu və milli varlığımızın acı gerçəkliyinə həkk olunmuş, şüuraltı faciənin keçmiş gerçəkliyini gələcək nəsillərə çatdırmaqla, bu yolda usanmadan çalışmalıyıq. Natiq xüsusi vurğulayıb ki, indiki Ermənistan ərazisinin böyük bir hissəsini əhatə edən bu torpaqlar, minilliklər boyunca müxtəlif dövlətlərin və xalqların hakimiyyəti altında olsa da, burada yaşayan azərbaycanlılar öz varlıqlarını və kimliklərini qorumağa müvəffəq olublar. Tarixdə baş verən siyasi dəyişikliklər və bölgənin geosiyasi vəziyyəti, bu ərazidə yaşayan azərbaycanlıların taleyində dərin izlər buraxıb.

Dərsdə şagirdlər verilən sualları fəal şəkildə cavablandıraraq müzakirələrdə iştirak ediblər. Tədbirin gedişində Qərbi Azərbaycan icmasının İdarə Heyətinin üzvü, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovanın pedaqoji kollektivə ünvanlanan məktubu oxunub.

Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova,  Qərbi Azərbaycan İcmasının Biləsuvar rayonu üzrə nümayəndəsi Rəfiqə Cəfərova dərsin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apararaq, mövcud problemlər və onların həllinə dair fikirlər birdiriblər.

Açıq dərsin yekununda Azərbaycan Yazıcılar Birliyinin üzvləri professor Mahira Hüseynovanın və Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövıən Ağayevin bu tədris ocağının kitabxanasına müxtəlif mövzularda, o cümlədən yazıçıların son illər çapdan çıxmış ədəbi, publistik əsərləri məktəbin kitabxanasına təqdim olunub.  

Rövşən Ağayev