25 avqust 2026 16:49
238

Unikal əməkdaşlıq modeli

Müstəqillik qazandıqdan sonra türk dövlətləri arasında əlaqələr getdikcə daha sistemli xarakter almağa başlamışdı. Bu prosesin ən parlaq səhifələrindən biri məhz Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında formalaşan strateji tərəfdaşlıq münasibətləridir. 2026-cı il avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri bu əlaqələrin inkişafında mühüm mərhələ oldu. Daşkənddə reallaşan görüşlər, qəbul olunan sənədlər və dövlət başçılarının qarşılıqlı təltif edilməsi təkcə protokol tələblərinin icrası deyildi – bu hadisələr iki xalq arasında mövcud olan dərin mənəvi bağların və ortaq strateji məqsədlərin yeni mərhələyə qədəm qoyduğunu açıq şəkildə nümayiş etdirdi.

Səfər çərçivəsində Prezident İlham Əliyev Daşkənddə jurnalistlərlə görüşüb fikirlərini bölüşərkən, Özbəkistan paytaxtının və bütövlükdə ölkənin inkişaf dinamikasından məmnunluqla danışdı. Onun sözlərinə görə, bu şəhərə hər səfəri müşayiət edən əsas təəssürat daim yenilənən memarlıq görkəmi, genişlənən infrastruktur və həyat səviyyəsində hiss olunan keyfiyyət dəyişiklikləridir. Daşkəndin bu günki simasını formalaşdıran əsas amil kimi Prezident Şavkat Mirziyoyevin ölkə idarəçiliyinə gətirdiyi islahat ruhu, iqtisadiyyatın şaxələndirilməsi, sənaye potensialının dirçəldilməsi və kənd təsərrüfatının müasirləşdirilməsi istiqamətindəki ardıcıl fəaliyyəti göstərildi. Hazırda Özbəkistan beynəlxalq aləmdə layiqli nüfuza malik olan, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və investisiya cəlbediciliyi sahələrində sürətli qərarlar qəbul edə bilən müasir dövlət kimi tanınır. Bu müsbət dəyişikliklərin arxasında Prezident Mirziyoyevin böyük əməyi, onun dövlətçilik məsələlərinə məsuliyyətli yanaşması və strateji düşüncə tərzi dayanır.

Daşkənddə keçirilən Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclası səfərin ən əlamətdar siyasi hadisəsi oldu. Bu iclasda imzalanan "Əbədi Dostluq haqqında Müqavilə" iki ölkə arasındakı əlaqələrin sırf diplomatik müstəvidən çıxaraq ortaq mənəvi-mədəni dəyərlərə söykənən strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini təsdiqlədi. Müqavilə təkcə siyasi bəyannamə deyil, həm də xalqların ortaq keçmişi, qarşılıqlı simpatiyası və bir-birinə olan dərin hörməti üzərində inşa edilmiş hüquqi bazadır. Eyni zamanda, 2030-cu ilədək ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması proqramı qəbul edildi. Prezident Əliyev bu hədəfi reallıqdan qoparılmış xəyali göstərici kimi deyil, artıq mövcud olan iqtisadi təməl, birgə layihələr və artan ticarət həcmi sayəsində yaxın gələcəkdə əldə ediləcək konkret nəticə kimi dəyərləndirdi. İki ölkənin son illərdə əldə etdiyi ticarət-iqtisadi göstəricilər, investisiya fondlarının fəaliyyəti və sənaye kooperasiyası sahəsindəki addımlar bu proqramın uğurla icra olunacağına əminlik yaradır.

Azərbaycan ilə Özbəkistan arasında iqtisadi əməkdaşlığın əhatə dairəsi olduqca genişdir. Enerji sektoru, nəqliyyat infrastrukturu, qarşılıqlı investisiya layihələri, turizm, dağ-mədən sənayesi, avtomobil istehsalı, aqrar sahə və emal sənayesi bu əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. Xüsusilə enerji sahəsində əldə olunan irəliləyişlər xüsusi diqqətə layiqdir. SOCAR-ın Özbəkistan bazarına daxil olması, birgə neft-qaz kəşfiyyatı layihələrinin yekun mərhələyə çatması iki dövlətin enerji təhlükəsizliyi və uzunmüddətli tərəfdaşlıq baxımından mühüm addımlardır. Prezident Əliyev bu sahədə gələn il istismar quyularının qazılmasına başlanılacağını ümidlə bildirdi. Maliyyə sektoru da əməkdaşlığın mühüm tərkib hissəsidir – Azərbaycan banklarının Özbəkistanda fəaliyyətə başlaması sahibkarlıq subyektləri arasında etimadı gücləndirir, kapital axınını sürətləndirir və qarşılıqlı investisiyaların artmasına şərait yaradır. Bütün bu istiqamətlər üzrə görülən işlər iki ölkə iqtisadiyyatlarının paralel inkişaf xəttinə malik olduğunu və bu paralelliyin regional geosiyasi proseslərə müsbət təsir etdiyini sübut edir.

Qarabağın bərpası prosesi iki ölkə arasındakı əməkdaşlığın humanitar və praktiki ölçüsünü açıq şəkildə nümayiş etdirir. Prezident Əliyev bu münasibətlə Özbəkistan liderinin fəal dəstəyini minnətdarlıqla xatırlayaraq, Qarabağa gələn ilk yardımın, eləcə də regionda ilk iri sənaye müəssisəsinin təməlinin məhz Özbəkistan tərəfindən atıldığını vurğuladı. Füzuli rayonunda Mirzə Uluqbəy adına 960 şagird yerlik müasir məktəbin inşası, Xankəndidə tikiş fabrikinə qoyulan sərmayələr qardaş ölkənin praktiki qayğısının parlaq təzahürləridir. Hazırda həm Qarabağ, həm də Azərbaycanın digər bölgələrində yeni birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu cür əməkdaşlıq təkcə dağıdılmış ərazilərin iqtisadi dirçəlişinə deyil, həm də orada yaşayan əhalinin sosial rifahının bərpasına birbaşa töhfə verir.

Səfərin sonunda Prezident İlham Əliyev Özbəkistan həmkarını rəsmi dövlət səfəri ilə Azərbaycana dəvət etdi. Bu dəvət qarşılıqlı yüksək səviyyəli görüşlərin davamlılığını təmin etmək və strateji dialoqu qorumaq məqsədi daşıyır. İki dövlət arasında konkret fəaliyyət planı mövcuddur, hər bir istiqamət üzrə layihələr məzmunla zəngindir. Mənəvi yaxınlıq, ortaq dəyərlər və qarşılıqlı strateji maraqların vəhdəti bu münasibətləri daha da möhkəmləndirəcək, xalqların bir-birinə olan bağlılığını gücləndirəcək və bütün türk dünyasının inteqrasiyasına əhəmiyyətli töhfə verəcəkdir. İmzalanmış sənədlər, icra olunan layihələr və mövcud siyasi iradə göstərir ki, Azərbaycan-Özbəkistan müttəfiqliyi gələcək nəsillər üçün sabit inkişaf, qarşılıqlı fayda və ortaq mədəni-tarixi köklərə əsaslanan nümunəvi əməkdaşlıq modeli olaraq qalacaq.

Ramiz Hüseynov,

YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri