İsrail Müdafiə Ordusu Livanın cənubundakı 29 yaşayış məntəqəsinin sakinlərinə "Hizbullah" qruplaşmasının obyektlərinə endiriləcək aviazərbələrlə əlaqədar təcili təxliyə barədə bildirişlər göndərib.
“İki sahil” xəbər verir ki, İsrail ordusunun nümayəndəsi Avixay Edri "X" sosial şəbəkə hesabında ərəb dilində verdiyi bəyanatda livanlı ailələrdən təhlükəli zonadan kənara, Zəhrani çayının şimal sahilinə köçmələrini tələb edib.
"Biz atəşkəs razılaşmasını pozmağa davam edən "Hizbullah"a qarşı qəti tədbirlər görmək məcburiyyətindəyik", - o bildirib və təhlükəsizlik naminə insanların dərhal evləri tərk etməli olduğunu qabardıb.
Edri vurğulayıb ki, "Hizbullah" yaraqlılarının, obyektlərinin və ya hərbi texnikasının yaxınlığında olan hər kəs öz həyatını təhlükəyə atır.
"Asharq al-Awsat" qəzetinin məlumatına görə, hazırda İsrail qoşunları Nəbatiyyə şəhərindən şərqdə yerləşən Əli Tahir yüksəkliyindəki "Hizbullah"ın ön postuna qarşı irimiqyaslı əməliyyat keçirir. Kfar-Tibnit və Zafat ətraflarından edilən hücumlar zamanı orada İslam müqaviməti dəstələrini mühasirəyə almaq cəhdləri uğurla nəticələnməyib. "Hizbullah"ın kommunikesində göstərildiyi kimi, döyüşçülər İsrailin hücumlarını dəf edib və bir neçə hərbi texnikanı sıradan çıxarıb.