17 iyun 2026 13:17
107

"Reuters": "Citigroup" Trampın hesablarına görə qanunsuz işdən çıxarılmaqda ittiham olunur

"Citigroup" bankının bölmələrindən birində idarəedici direktor kimi çalışmış keçmiş əməkdaşı banka qarşı Bruklin federal məhkəməsində iddia qaldırıb. İddia ərizəsində onun müştərilərdən birinin hesabına xidmət göstərilməsi ilə bağlı daxili tələblərin pozulması məsələsini qaldırmağa çalışdığı üçün işdən çıxarıldığı iddia edilir.

“İki sahil” xəbər verir ki,  "Reuters" agentliyinin öz mənbələrinə istinadla verdiyi məlumata görə, həmin hesab ABŞ Prezidenti Donald Trampla bağlı olub.

Adı açıqlanmayan qadın, hətta bank əməkdaşları üçün belə hesab sahibi haqqında məlumatın məhdudlaşdırılmasını nəzərdə tutan xüsusi hesabın açılmasına qarşı çıxıb. Bundan başqa, keçmiş menecer çirkli pulların yuyulmasına qarşı mübarizə qanunlarına əməl olunması üçün vəsaitlərin mənşəyi barədə əlavə məlumat tələb edib. Şikayət ərizəsində qeyd olunur ki, buna cavab olaraq İnsan Resursları (kadrlar) şöbəsi tərəfindən ona qarşı "qondarma" yoxlama başladılıb. Qadın iddia edir ki, bankın risklərin idarə edilməsi və daxili nəzarət sistemlərində ciddi nöqsanlar aşkar etdiyi üçün vəzifəsindən məhrum edilib.

"Citigroup" isə öz növbəsində ittihamları "tamamilə əsassız" adlandırıb və məhkəmədə müdafiə olunacağını bəyan edib. Bank iddiaçının adının açıqlanmasını tələb edən qarşılıqlı vəsatət qaldıraraq onun hələ məhkəməyə müraciət etməzdən əvvəl işəgötürənini açıq şəkildə tənqid etdiyini irəli sürüb. Bankın sənədlərində həmçinin qeyd olunub ki, işdən çıxarılan şəxs siyasi xadimlər tərəfindən hesabların açılmasından məlumatı olan məhdud şəxslər qrupuna daxil olub. ABŞ Prezidentinin administrasiyası hələlik məsələ ilə bağlı şərh verməkdən çəkinir.