17 iyun 2026-ci il tarixdə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində “17 iyun-Tibb İşçilərinin Peşə Bayramı” ilə əlaqədar Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı “X.İslamzadə 12” (“Kürdəmir rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsi”) ərazi partiya təşkilatında səhiyyə işçiləri ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə acan Kürdəmir rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsinin direktoru Elçin Bilalov bildirdi ki, Azərbaycanda tibb işçilərinin əməyi dövlətimiz və xalqımız tərəfindən daim yüksək qiymətləndirilir. Tibb işçilərinin fədakarlığı, peşəkarlığı və insanpərvərliyi ölkəmizin ən böyük mənəvi sərvətlərindən biridir. Tibb elə bir sahədir ki, burada hər gün insan taleyi həll olunur. Həkim olmaq sadəcə peşə seçimi deyil, insanlığa xidmət andıdır.
Tədbirdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov bildirdi ki, hər il iyunun 17-si xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev hər zaman insan sağlamlığını dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab etmişdir. Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizin bütün bölgələrində müasir xəstəxanalar, diaqnostika və müalicə mərkəzləri yaradılmış, səhiyyə sisteminin maddi-texniki bazası əsaslı şəkildə gücləndirilmişdir.
Daha sonra rayon təşkilatının ictimai-siyasi həyatında fərqləndiklərinə görə bir qrup səhiyyə işçisinə Təşəkkürnamə təqdim olunub.