18 iyun 2026 12:37
109

Almaniya hərbi gəmilərinin Hörmüz boğazındakı missiyada iştirakını təsdiqlədi

Almaniya Hərbi Dəniz Qüvvələrinə məxsus iki gəmi Qırmızı dənizə göndərilib. Onlar Hörmüz boğazındakı missiyada iştirak edə bilərlər.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu ölkənin müdafiə naziri Boris Pistorius bildirib.

Nazir bildirib ki, hazırda "Fulda" mina axtaran gəmisi və "Mosel" köməkçi gəmisi Süveyş kanalı vasitəsilə hərəkət edir. Pistorius dəqiqləşdirib ki, gəmilərin yerdəyişməsi üçün Bundestaqın xüsusi mandatına ehtiyac yoxdur, çünki gəmilər Avropa İttifaqının (Aİ) "Aspides" missiyası əsasında göndərilib. "Biz operativ hərəkət etmək və ehtiyac yaranarsa, real olaraq Hörmüz boğazında mövqe tutmaq istəyirik".

Boris Pistorius qeyd edib ki, missiyanın şərtləri dəqiqləşdirildikdən sonra Almaniya rəhbərliyi Bundestaqdan mandat tələb edəcək. Həmçinin İran və Omanın da razılığını almaq lazım gələcək. "Hörmüz boğazındakı missiya üçün bizə müxtəlif formalarda ola biləcək aydın beynəlxalq-hüquqi çərçivə lazımdır", - deyə nazir izah edib.

"Aspides" əməliyyatı 2024-cü il bəyanatında Aİ tərəfindən təsdiqlənib. Onun əsas məqsədi beynəlxalq kommersiya gəmilərini husilərin hücumlarından qorumaq idi. İyunun əvvəlində "Reuters" agentliyinin verdiyi məlumata görə, Avropa Xarici Fəaliyyət Xidməti "Aspides" missiyasını Hörmüz boğazının minalardan təmizlənməsinə yönəltməyi təklif edib. Almaniyanın bu missiyaya qoşulmaq planları barədə bir gün əvvəl "Spiegel" nəşri də yazmışdı.