20 iyun 2026 17:15
101

Fransada anomal isti: 60 vilayətdə narıncı xəbərdarlıq elan olunub

Fransanın meteorologiya xidməti (Météo-France) ölkədə müşahidə olunan isti hava ilə əlaqədar 60 vilayət üzrə xəbərdarlıq səviyyəsinin narıncıya qaldırıldığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, Fransa mediasının məlumatına görə, ölkədə havanın temperaturunun gün ərzində 41 dərəcəyədək yüksələcəyi gözlənilir. Sinoptiklər ekstremal istilərin gələn həftə də davam edəcəyini proqnozlaşdırırlar.

Paytaxt Parisi də təsiri altına alan isti hava ilə əlaqədar Paris meriyası həftə boyu sakinlər üçün yeni tədbirlər açıqlayıb.

Belə ki, Paris meriyası 17 iyundan etibarən hər gün yerli vaxtla saat 16:00-dan 20:00-dək vətəndaşlara Sen-Marten kanalında 100 metrlik ərazidə üzməyə icazə verib.

Paris merinin müavini Emmanuel Qriqori dünən paytaxtda keçirdiyi mətbuat konfransında şəhərdəki bütün park və bağların həftənin 7 günü sutka ərzində açıq olacağını bildirib.

O, həmçinin paytaxt məktəbləri üçün 1200 ventilyator alınacağını və ictimai hovuzların yerli vaxtla saat 20:00-dək fəaliyyət göstərəcəyini açıqlayıb.

"Oxfam France" təşkilatının 18 iyun tarixli hesabatında qeyd olunub ki, Fransada isti hava səbəbindən hər il 5 mindən çox insan həyatını itirir.