20 iyun 2026 22:03
90

Məktəblilərin Respublika İdman Olimpiadasının rəsmi açılış mərasimi keçirilib

İyunun 20-də Bakı Kristal Zalında Məktəblilərin Respublika İdman Olimpiadasının rəsmi açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, mərasimdə əvvəlcə ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən komandalar təmsil etdikləri regionların adlarının əks olunduğu lövhələrlə səhnəyə çıxıblar. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirin bədii hissəsində konsert proqramı təqdim olunub. Ardınca Məktəblilərin Respublika İdman Olimpiadasının himni səsləndirilib.

Qeyd edək ki, Olimpiadada iştirak edən məktəblilər ölkəmizdə fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələridir. İştirakçılar 21–26 iyun tarixlərində ağırlıqqaldırma, atletika, badminton, basketbol, boks, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, velosiped idmanı, stolüstü tennis və taekvondo idman növləri üzrə mübarizə aparacaqlar.

Məktəblilərin Respublika İdman Olimpiadası Gənclər və İdman Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk dəfə keçirilir.