Ay ərzində artıq ikinci dəfə anomal temperaturun qeydə alındığı Avropa İttifaqında nələr baş verir?
Avropada güclü isti dalğasından cəmi iki həftə sonra yenidən anomal temperaturlar qeydə alınır. Böyük Britaniya və Belçikada temperaturun 39°C-yə qədər yüksələcəyi gözlənilir. Texniki nasazlıqların qarşısını almaq üçün ölkələrdə dəmir yolu nəqliyyatının iş qrafikinə düzəlişlər edilir. İspaniyada gündüzlər orta temperatur 40°C-yə çatır və proqnozlara görə, daha da yüksələ bilər. Bu fonda Madriddə dünya çempionatının azarkeşləri üçün nəzərdə tutulmuş fan-zona bağlanıb.
Fransada da bənzər vəziyyət hökm sürür, hətta gecə saatlarında belə sərinlik hiss olunmur. Parisdə bütün kütləvi tədbirlər ləğv edilir və tünd alkoqollu içkilərin satışı məhdudlaşdırılır.
“İki sahil” xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, ölkədə iki gün ərzində 18 nəfər həyatını itirib. Avropanın son illərdə şahidi olduğu ən güclü iyun isti dalğalarından birini Parisdəki xüsusi müxbir Darya Zlotnikova belə şərh edir:
"Ölkənin bir çox regionunda 40°C-dən yüksək temperatur gözlənilir, bəzi yerlərdə isə artıq iyunun 22-də 44°C isti qeydə alınıb. Ölkənin demək olar ki, yarısında qırmızı təhlükə səviyyəsi elan olunub. Maraqlıdır ki, bu, bir ay ərzində ikinci böyük isti dalğasıdır və iyun ayı üçün bu, son dərəcə qeyri-adi haldır. Fransa meteoroloqları 1947-ci ilin rekordundan danışırlar. Vəziyyəti qəlizləşdirən odur ki, ölkədə ənənəvi olaraq kondisionerlər nadir hallarda quraşdırılır. Kimlərsə daşına bilən cihazlar və ya ventilyatorlar almağa çatdırsa da, hazırda onları tapmaq demək olar ki, qeyri-mümkündür. Keçən isti dalğasından bəri əsas müzakirə mövzusu hökumətin iqlim təhdidlərinə reaksiya verməyə nə dərəcədə hazır olmasıdır.
Fransa yenidən böhran rejimində fəaliyyət göstərir: iyunun 22-də 1,5 mindən çox təhsil müəssisəsi bağlanıb. Təhsil Nazirliyi istiliyin dərəcəsindən asılı olaraq yerli tədbirlərin görülməsinə, hətta buraxılış imtahanlarının təxirə salınmasına icazə verib. Təbii ki, bütün bu tədbirlər — həkimlərin növbətçiliyi, xəstəxanaların daimi hazırlıq rejiminə keçirilməsi — bəzən gecikmiş addımlar sayılır və hökumət iqlim dəyişikliyinə adaptasiya üçün kifayət qədər vəsait ayırmamaqda ittiham olunur. Bundan əlavə, maliyyə tərəfi də çoxlu suallar doğurur: məsələn, məktəblərin anomal şəraitə davamlı olması üçün onların təmir haqqını kim ödəməlidir?".
Qonşu İtaliyanın bəzi bölgələrində isə hava 41°C-yə qədər qızır. Sinoptiklərin proqnozlarına görə, yaxın günlərdə isti daha da güclənəcək. Bununla əlaqədar olaraq Lombardiya və Toskanada günorta saatlarında açıq havada tikinti, yol və kənd təsərrüfatı işlərinin aparılması qadağan edilib.
"The New York Times" qəzeti qeyd edir ki, Qərbi Avropanın ənənəvi olaraq mülayim iqlimi və sərt tikinti normativləri burada kondisionerlərin quraşdırılmasını həm baha, həm də mürəkkəb prosesə çevirir. Bu səbəbdən kondisionerlərə əsasən beşulduzlu otellərdə, müasir ofis mərkəzlərində, bəzi muzeylərdə və restoranlarda rast gəlmək mümkündür.