23 iyun 2026 16:14
113

"Neyron” süni intellekt təhsilini şagirdlər üçün sadə və əlçatan edir - ÖZƏL

Azərbaycan Respublikasının Süni İntellekt Strategiyasında təhsil və insan kapitalının inkişafı əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu istiqamətdə həyata keçirilən təşəbbüslərdən biri olan “Neyron” platforması süni intellekt sahəsində biliklərin məktəblilər arasında yayılmasına və gələcəyin bacarıqlarının formalaşdırılmasına xidmət edir.

Platformanın üstünlükləri və fərqləndirici cəhətləri barədə Milli Süni İntellekt Mərkəzinin Marketinq Departamentinin rəhbəri Cəmalə Məmmədzadə “İki sahil”ə özəl açıqlamasında danışıb.

Cəmalə Məmmədzadənin sözlərinə görə, “Neyron” platformasının əsas fərqləndirici xüsusiyyəti süni intellekt sahəsində bilikləri şagirdlər üçün sadə, anlaşıqlı və maraqlı formada təqdim etməsidir.

“Platformada nəzəri biliklərlə yanaşı, interaktiv fəaliyyətlər və praktik tapşırıqlar da yer alır. Bu yanaşma öyrənmə prosesini daha cəlbedici edir və şagirdlərin mövzunu daha yaxşı mənimsəməsinə şərait yaradır. Eyni zamanda, məzmunun Azərbaycan dilində hazırlanması istifadəçilərin mövzuları daha rahat qavramasına imkan verir”, – deyə o bildirib.

Mərkəz rəsmisi vurğulayıb ki, platformanın hazırlanması zamanı ənənəvi və məlumatyüklü “blog formatı”ndan uzaq durulub:

“Dərslər məntiqi və ardıcıl hissələrə bölünüb. Bu, mövzuların mərhələli şəkildə təqdim olunmasına, yeni anlayışların daha asan mənimsənilməsinə və şagirdlərin diqqətinin qorunmasına kömək edir. Nəticədə öyrənmə prosesi daha sistemli və effektiv şəkildə təşkil olunur.”

Cəmalə Məmmədzadə qeyd edib ki, platforma istifadəçilərin fərdi xüsusiyyətlərini də nəzərə alır: “‘Neyron’ istifadəçilərin bilik səviyyəsinə və öyrənmə tempinə uyğun mərhələli öyrənmə yanaşması tətbiq edir. Müxtəlif formatlı tapşırıqlar, qiymətləndirmə elementləri və interaktiv fəaliyyətlər vasitəsilə şagirdlər mövzuları öz sürətlərinə uyğun şəkildə öyrənə, əldə etdikləri bilikləri isə praktik tətbiqlərlə möhkəmləndirə bilirlər. Bu da öyrənmə prosesinin daha effektiv və davamlı olmasına şərait yaradır.”

Onun sözlərinə görə, bütün bu xüsusiyyətlər “Neyron” platformasını yalnız informasiya təqdim edən resurs deyil, eyni zamanda şagirdlərin süni intellekt sahəsində bacarıqlarını inkişaf etdirən innovativ öyrənmə mühiti kimi fərqləndirir.

Yaqut Ağaşahqızı,”İki sahil”