23 iyun 2026 16:44
105

Azərbaycan və Türkmənistanı əsrlər boyu ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlər birləşdirir - TƏHLİL

Azərbaycan və Türkmənistan prezidentlərinin mətbuata  bəyanatlarında cənab İlham Əliyev  bildirdi ki, münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub

İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun  Azərbaycana  dövlət səfəri bir daha Azərbaycanla Mərkəzi Asiya ölkələri, həmçinin Türk dünyası ilə əlaqələrin inkişafına işıq saldı. Təbii ki, Türk dünyası dedikdə, ilk növbədə, Mərkəzi Asiya ölkələri yada düşür.  Dövlətimizin başçısı İlham Əliyev bu il aprel ayının əvvəlində  Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazı, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovu, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovu, Qırğız Respublikasının Nazirlər Kabinetinin Sədri Adılbek Kasımaliyevi, Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataqulıyevi, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üsteli və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edərkən  diqqəti bir daha bu reallıqlara yönəltdi ki, xarici siyasətimizdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə  əlaqələrimiz prioritet təşkil edir. Bu ölkələrlə bizim tarixi, mədəni, etnik köklərimiz gözəl təməl formalaşdırır və bu gün müstəqil dövlətlər kimi biz bütün beynəlxalq təşkilatlarda da vahid mövqedən çıxış edirik, bir-birimizi dəstəkləyirik. Yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq. O da qeyd edildi ki, ölkələrimizin və təşkilatımızın məramı sülhə, əməkdaşlığa, əmin-amanlığa, qarşılıqlı hörmətə və qarşılıqlı maraqlara yönəlib.

Ortaq tarixdən strateji tərəfdaşlığa

Qarşılıqlı səfərlərin dinamikliyi fonunda ortaq tarixdən strateji tərəfdaşlığa və regional güc mərkəzinə doğru inamla irəliləyən Azərbaycan-Türkmənistan münasibətlərinın gələcək inkişafı üçün yeni imkanlar yaranır. Son illər iki ölkə arasında iqtisadi əlaqələrin dinamik inkişafı həm ikitərəfli ticarət əlaqələrində, həm də regional nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılmasında özünü aydın şəkildə göstərir. Xüsusilə nəqliyyat və tranzit sahəsindəki qarşılıqlı fəaliyyətin mövcud mənzərəsini əks etdirən rəsmi göstəricilər bu tərəfdaşlığın perspektivlərindən xəbər verir. Belə ki, 2025-ci ilin yekunlarına görə, iki ölkə üzərindən keçən tranzit yüklərin həcmi 15 faiz artaraq 2,344 tona çatıb. Regional daşımaların intensivləşməsinin bariz nümunəsi olaraq, 2026-cı il mayın 12-də Türkmənistanın ilkin quru yük gəmisi olan “Gadamly” təntənəli şəkildə Bakı Limanına daxil olub. Gəminin Bakı-Türkmənbaşı marşrutu üzrə müntəzəm konteyner daşımalarına qoşulması regionun logistika potensialını ciddi şəkildə stimullaşdıracaq. Nəqliyyat sektorunda bu aktivlik fonunda ticari əlaqələr də öz dinamikasını qoruyur. 2025-ci ildə tərəflər arasında ticarət dövriyyəsinin ümumi dəyəri 208,39 milyon dollar təşkil edib. 2026-cı ilin yanvar-aprel aylarını əhatə edən ilkin dövrdə isə bu rəqəm 29,54 milyon dollar olaraq qeydə alınıb. Ümumilikdə Bakı və Aşqabad qlobal Şərq-Qərb nəqliyyat dəhlizinin təhlükəsizliyini və funksionallığını təmin edən iki əsas həlqədir.

Azərbaycan hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üçün səylər göstərib və Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı təşəbbüs göstərən ilk ölkələrdən biri olub. Bu səylər Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət edib. Uzun illər aparılan danışıqlar, Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 2018-ci ildə “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalandı. Azərbaycan və Türkmənistanı   mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq münasibətləri də birləşdirir. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. 2017-ci il avqustun 8-də Bakıda “Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalandı.  Hər iki ölkə beynəlxalq və regional təşkilatlar, xüsusilə ortaq irsə əsaslanan Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edirlər.

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərdən sonra Azərbaycanın müxtəlif dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələri yüksələn xətlə inkişaf edir. Yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə Türk dünyasının birliyi məsələsi öz aktuallığını qoruyur. Prezident İlham Əliyev çıxışlarında bu çağırışı xüsusi vurğulayır ki, bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.

Nəqliyyat-logistika sahəsində  əməkdaşlıq geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir

Türkmənistan Prezidentinin ölkəmizə dövlət səfəri diqqətdədir. Belə ki, Azərbaycan və Türkmənistan prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri keçirildi, onlar mətbuata birgə bəyanatlarla çıxış etdilər. Mətbuata bəyanatında “Münasibətlərimiz möhkəm təməl - tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub” söyləyən Prezident İlham Əliyev bildirdi ki, ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində  əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır. Bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq.  Səfər çərçivəsində imzalanan 10-dan artıq sənəd münasibətlərdə yeni  mərhələnin əsası kimi qiymətləndirildi. Belə ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov prezidentlərin Birgə Bəyanatını imzaladılar. Sonra isə “Azərbaycan Respublikası ilə Türkmənistan arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsi üçün Texniki şərtlər”, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında Protokol”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Türkmənistanın Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Komitəsi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkmənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Türkmənistanın Səhiyyə və Tibb Sənayesi Nazirliyi arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2026-2028-ci illər üzrə sənaye sahəsində əməkdaşlıq Proqramı”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Türkmənistan Maliyyə və İqtisadiyyat Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında Saziş”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Türkmənistanın Xarici İşlər Nazirliyi arasında 2026-2029-cu illər üçün Əməkdaşlıq Proqramı” imzalandı.

Göründüyü kimi, Azərbaycan və Türkmənistan arasında hüquqi-normativ baza  kifayət qədər geniş və əhatəlidir. İndiyədək müxtəlif sahələri əhatə edən 108 ikitərəfli sənədin imzalanması əməkdaşlığın institusional əsaslarını möhkəmləndirib. Hər bir sənəd iki dost ölkə arasında əlaqələrin gələcək inkişafının aydın mənzərəsini yaratmaqla yanaşı, hər iki tərəfin bu əməkdaşlıqda nə qədər maraqlı olduğunu nümayiş etdirir.

Dostluq əlaqələrinin inkişafına töhfə

Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən “Dostlug” neftdaşıyan tankeri Bakı Gəmiqayırma Zavodunda inşa olunub. Tankerin ümumi uzunluğu 141 metr, eni 16,9 metr, suya oturumu isə 4,54 metrdir. Dedveyti 7875 ton olan tankerin Azərbaycanda inşası gəmiqayırma sənayemizin inkişafını nümayiş etdirməklə yanaşı, Azərbaycan-Türkmənistan dostluq əlaqələrinin inkişafına da töhfədir. Bu, eyni zamanda, Bakı gəmiqayırma zavodunda irihəcmli və texnoloji baxımdan mürəkkəb gəmiqayırma layihələrinin həyata keçirilməsinin mümkün olduğunu bir daha göstərir. Zavodda indiyədək 14 gəminin inşası və 170-dən çox gəminin təmiri layihələri uğurla icra olunub. Hazırda zavodun sifariş portfelinə daxil olan 17 gəmidən 11-nin inşası davam edir, 6 gəmi isə layihələndirmə mərhələsindədir.

Liderlərin qarşılıqlı diplomatik jestləri və hədiyyələri xalqlararası mənəvi bağları möhkəmləndirir. Bu xüsusda, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından dövlətimizin başçısı İlham Əliyevə “Taus” ləqəbli şöhrətli “Axaltəkə” atını hədiyyə etməsi dövlətlərarası ali ehtiramın göstəricisi kimi dəyərləndirildi. Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyevin də Qurbanqulu Berdiməhəmmədova Qarabağ atını hədiyyə etməsi bütövlükdə Türk dünyasında köklü tarixi ənənələrin yaşadılmasının və Bakı ilə Aşqabad arasındakı əbədi dostluğun müasir diplomatiya tarixinə həkk olunan parlaq rəmzləridir.

Prezidentlərin görüşlərində də qeyd edildiyi kimi, işğaldan azad edilmiş Füzuli şəhərində Türkmənistan dövləti tərəfindən müasir məscid kompleksinin tikilməsi qardaşlıq münasibətlərinin ən ali təzahürüdür. Xatırladaq ki, 2025-ci il oktyabrın 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçıları Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməlini qoydular. Məscidin inşası hazırda sürətlə davam etdirilir.

Mədəni inteqrasiyanı gücləndirən mühüm addımlardan biri də şəhərlərarası əlaqələrin inkişafıdır. Bakı ilə Aşqabad, eləcə də regional inkişafın rəmzləri olan Arxadağ və Füzuli şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulması iki xalq arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Bu proses qarşılıqlı mədəni tədbirlərlə də müşayiət olunur.

Türkmənistan Prezidentinin  Azərbaycana  səfərinin əsas məqsədi…

Ümumiyyətlə, dövlətimizin başçısının şəxsi nüfuzu, yürütdüyü uzaqgörən və müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin  Qoşulmama Hərəkatında, həmçinin Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib. Türkmənistan Prezidentinin  Azərbaycana  səfərinin əsas məqsədi ikitərəfli münasibətləri daha da dərinləşdirmək və inkişaf etdirmək, əldə olunan nailiyyətləri möhkəmləndirmək, yeni layihələrin və istiqamətlərin həyata keçirilməsinə əlavə stimul verməkdir. Ümumilikdə Türkmənistan-Azərbaycan dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsi qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq kimi xarakterizə edilir.    Türkmənistan və Azərbaycan bu gün xarici siyasətdə, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə sanballı və geniş əməkdaşlıq gündəliyinə malikdir. Hər iki tərəfin səyləri sayəsində əməkdaşlığımız məqsədyönlülüyü və konkretliyi ilə seçilir, sabit və davamlı xarakter daşıyır, yaxşı dinamika nümayiş etdirir. Bunun əsas, həlledici amili ölkələrimizin liderləri arasında əldə edilmiş ən yüksək səviyyədə qarşılıqlı anlaşma və etimaddır. Türkmənistanla Azərbaycan xarici siyasət sahəsində BMT Nizamnaməsinə və tanınmış beynəlxalq hüquq normalarına riayət etməklə prinsipial və qəti mövqedən çıxış edir. Ölkələrimiz dünyada və qitədə, regional məsələlərdə, Xəzər dənizi zonasında sabitliyin və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir. İqtisadi-ticari tərəfdaşlıq uğurla inkişaf edir, keyfiyyət və kəmiyyət göstəriciləri artır. Mədəniyyət, elm, təhsil, şəxsi və insani səviyyələrdə ənənəvi əlaqələr genişlənir. Dövlətlərarası münasibətlərin çox mühüm elementləri olan parlamentlərarası əlaqələrin, xalq diplomatiyasının əhəmiyyəti və rolu artır.

Göründüyü kimi, hər bir səfər münaibətlərdə yeni prioritetlərin müəyyənlədirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan daim əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında maraqlı olduğu üçün bütün potensial imkanlardan maksimum istifadə etməyə çalışır. Şərq-Qərb dəhlizinin funksionallığında əsas həlqə olan bu tərəfdaşlıq regional sabitliyin və logistik təhlükəsizliyin qarantına çevrilir. Münasibətlərin  yüksələn dinamikası fonunda  Türkmənistan Prezidentinin dövlət səfəri  strateji tərəfdaşlığın  əsaslarını daha da möhkəmləndirəcək. İkitərəfli əlaqələrin möhkəmləndirilməsinə Azərbaycan Prezidenti İlham Əliyevin  böyük şəxsi töhfəsini xüsusi qeyd edən Türkmənistanın dövlət başçısı Sərdar Berdiməhəmmədov buna görə minnətdarlığını bildirdi. “Dostlug” neft tankerinin hədiyyə olunmasına görə də təşəkkür edən Sərdar Berdiməhəmmədov bunu ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin rəmzi kimi qəbul etdiklərini vurğuladı, bu tankerin ölkələrimizin tərəqqisinə töhfə verəcəyinə və uğurlu əməkdaşlığımızın daha bir təzahürü olacağına əminliyini ifadə etdi. Ali qonaq Türkmənistanın Azərbaycanla əməkdaşlığın daha da inkişafına böyük əhəmiyyət verdiyini deyərək, ölkələrimizi və xalqlarımızı əsrlər boyu mehriban qonşuluq ənənələri, ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərin birləşdirdiyini vurğuladı.

Ölkəmizdə dövlət səfərində olan Türkmənistanın dövlət başçısı Sərdar Berdiməhəmmədov azad Şuşada və Füzulidə oldu. Son beş ildən artıq dövrün qürurverici hadisələrindən biri işğaldan azad edilmiş ərazilərimizin diplomatik mərkəz kimi diqqətdə olması ilə yanaşı, bu və ya digər ölkənin dövlət başçılarının bu torpaqlarda qarşılanması, görülən bərpa-quruculuq işləri ilə yaxından tanış olmasıdır. Şuşa Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi etməklə bu məkandan Türk dünyasının birliyini, həmrəyliyini dünyaya çatdırıb. Türkdilli ölkələrin dövlət və hökumət başçılarının bu torpaqlara səfərləri, həmçinin bərpa işlərinə ölkələrinin hədiyyələrini təqdim etmələri dostluğumuzun, qardaşlığımızın  sarsılmazlığının təqdimatı kimi diqqətdə olub. Yazıda Füzuli şəhərində Türkmənistan dövləti tərəfindən müasir məscid kompleksinin tikilməsindən bəhs etmişdik.  Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Füzuli rayonuna gəldi. Dövlət başçısı İlham Əliyev türkmənistanlı həmkarının Füzuli Beynəlxalq Hava limanında qarşıladı.  Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar.

 30 illik işğal dövründə Füzuli rayonunun ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və nəzərdə tutulan işlər barədə Türkmənistan Prezidentinə məlumat verildi. Bildirildi ki, vaxtilə sıx məskunlaşmış və inkişaf edən Füzuli şəhəri erməni işğalı zamanı tamamilə talan edilərək viran qoyulub. İşğaldan azad ediləndən sonra qısa müddətdə şəhərin Baş planı hazırlanıb və dövlətimizin başçısı tərəfindən təsdiqlənib. Füzuli böyük nəqliyyat-logistika potensialına malik olmaqla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əsas nəqliyyat arteriyalarının kəsişməsində yerləşir. Ümumi sahəsi 2 min hektara yaxın olan Füzuli şəhərinin Baş planına əsasən, 2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur. Müasir şəhərsalma standartlarına uyğun yenidən qurulan Füzulidə “Ağıllı şəhər” konsepsiyası tətbiq olunacaq. Ali qonağa Türkmənistan tərəfindən Füzulidə inşa olunan məscid barədə də məlumat verildi. Qeyd edildi ki, bu məscidin təməlini Prezident İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının ötən ilin oktyabrında Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçıları onlayn formatda qoyublar.

Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndinin fonunda şəkil çəkdirib,  Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində oldular. Məlumat üçün qeyd edilib ki, kompleksdə keçmiş məcburi köçkünlər, həmçinin xidməti mənzillərdə Şuşa şəhərində müxtəlif dövlət qurumlarında çalışan şəxslər yaşayırlar. Burada genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, sakinlərin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılıb.

Prezidentlər, həmçinin Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar. Təməli 2021-ci ildə Azərbaycan Prezidenti tərəfindən qoyulan məscid tarixi şəhərin yeni müasir rəmzi kimi ucalmaqdadır. Yeni inşa edilən məscid Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərinin mühüm layihələrindən biri olmaqla, Qarabağın dirçəlişini və xalqımızın milli-mənəvi dəyərlərə bağlılığını əks etdirir. Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olub, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar. Prezident İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində və Cıdır düzündə də olublar. Prezident İlham Əliyev burada Türkmənistan dövlətinin başçısına “Mərd” adlı Qarabağ atını hədiyyə edib

Azad edilmiş ərazilərimizə bu kimi səfərlər tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin  bərpasının yaratdığı reallıqlara beynəlxalq dəstəyin təsdiqidir. Bu torpaqların sahibi Azərbaycan xalqıdır. 30 il dağıntı mərhələsini yaşayan, amma heç zaman tarixi sahibinə qovuşacağı ilə bağlı ümidini itirməyən, bu günü səbirsizliklə gözləyən Qarabağımız, Şərqi Zəngəzurumuz hazırda çal-çağırlı günlərini yaşayır, qonaqlarını qarşılamaqdan qürur, sevinc hissi keçirir.

Yeganə Əliyeva, “İki sahil”