Bakı ilə Brüssel arasındakı enerji dialoqu sadəcə alqı-satqı müstəvisindən çıxaraq, qlobal təhlükəsizlik və gələcəyə yönəlmiş strateji ittifaq xarakteri alıb
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin çəkisi və nüfuzu təkcə onların malik olduqları təbii resurslarla deyil, həm də bu resursları qlobal maraqların kəsişməsində necə idarə etmək bacarıqları ilə ölçülür. Bu xüsusda Azərbaycan son onilliklərdə həyata keçirdiyi xarici və daxili siyasətlə unikal bir nümunə ortaya qoyub. Ölkəmiz regional liderlikdən qlobal miqyaslı strateji aktor səviyyəsinə yüksələrək, bu gün Avropanın enerji təhlükəsizliyinin ən etibarlı və əvəzedilməz tərəfdaşına çevrilmişdir. Mürəkkəb geosiyasi coğrafiyada yerləşməsinə baxmayaraq, Azərbaycanın yürütdüyü balanslaşdırılmış və praqmatik diplomatiya region dövlətləri və beynəlxalq güclərlə risklərdən uzaq, dialoqa əsaslanan münasibətlər qurmağa imkan vermişdir. Bu diplomatik çeviklik olmasaydı fərqli maraqlara sahib olan onlarla dövləti və nəhəng transmilli şirkətləri eyni masa ətrafında birləşdirmək qeyri-mümkün olardı.
Böyük infrastruktur layihələrinin kağız üzərindən real həyata köçürülməsi ilk növbədə güclü və qətiyyətli siyasi iradə tələb edir. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan və ya Bakı-Tbilisi-Qars kimi qlobal layihələrin ilkin müzakirə mərhələlərində beynəlxalq müstəvidə bir çox dairələr bu təşəbbüslərin reallaşacağına şübhə ilə yanaşır, onları "siyasi xəyal" adlandırırdılar. Lakin Azərbaycan rəhbərliyinin nümayiş etdirdiyi qətiyyət, xarici təzyiqlərə baxmayaraq geri addım atmaması və strateji hədəflərə sadiqliyi bu layihələri reallığa çevirdi. Siyasi iradə həm də daxili sabitliyin qorunmasında özünü göstərdi ki, bu da xarici investorlar üçün ən mühüm təminat olan "etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş" imicini möhkəmləndirdi.
Bu gün də Azərbaycanın xarici siyasət strategiyası qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və beynəlxalq hüququn aliliyi prinsiplərinə söykənir. Avropa məkanı ilə qurulan münasibətlərdə Bakı sadəcə bir "resurs tədarükçüsü" kimi deyil, qlobal təhlükəsizlik arxitekturasının formalaşmasında iştirak edən bərabərhüquqlu tərəf kimi çıxış edir. İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ölkəmizdə səfərdə olub. Prezident İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev çıxışının girişində Avropa İttifaqı (Aİ) ilə münasibətlərin hazırda çox mühüm və yüksək dinamikaya malik bir dövrünü yaşadığını vurğulayıb. Son aylarda Aİ Şurasının Prezidenti cənab Koşta və Avropa diplomatiyasının rəhbəri xanım Kallasın, ardınca isə Ursula Fon der Lyayenin Bakıya səfərləri bu dinamikanın əyani sübutudur: “Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik. Bu ilin martında biz Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanı, sonra may ayında isə Avropa diplomatiyasının rəhbəri xanım Kallası qəbul etdik. Bu gün isə Avropa Komissiyasının Prezidenti bizimlədir. Beləliklə, deyərdim ki, əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur. Biz Avropa Komissiyası ilə münasibətləri yüksək dəyərləndiririk”.
Statistik göstəricilər də Azərbaycanın Aİ üçün Cənubi Qafqazda dominant ticarət tərəfdaşı olduğunu təsdiqləyir. Azərbaycanın ümumi ticarət dövriyyəsinin 40 faizindən çoxunun Aİ üzv dövlətlərinin payına düşməsi və Cənubi Qafqaz regionundakı ümumi ticarətin təxminən 70 faizinin məhz Azərbaycanla aparılması Bakının bölgənin iqtisadi drayveri olduğunu göstərir. Çıxışda, həmçinin enerji sahəsində əməkdaşlığın sadəcə ticari deyil, milli təhlükəsizlik amili olduğu xüsusi qeyd edilib. Dörd il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumundan sonra Aİ-yə qaz ixracının 65 faiz artması böyük uğurdur. Hazırda Azərbaycan qazının yarısı Avropaya gedir və 10 Aİ üzvü bu resursdan faydalanır.
Azərbaycan və Avropa İttifaqı arasındakı enerji əməkdaşlığı yalnız ənənəvi karbohidrogen resursları (neft və qaz) ilə məhdudlaşmır. Qlobal iqlim dəyişikliklərinə qarşı mübarizə və "yaşıl keçid" strategiyası tərəfləri bərpaolunan enerji sahəsində də sıx birləşdirir. Azərbaycanın Günəş, külək və su elektrik enerjisi potensialı Avropanın ekoloji təmiz enerji resurslarına olan tələbatını qarşılamaq üçün yeni bir qapı açır. Ölkəmizin bu sahədəki hədəfləri kifayət dərəcədə böyük və konkretdir. İndiyədək həm xarici, həm də yerli investorlarla imzalanmış rəsmi müqavilələr növbəti 5-6 il ərzində Azərbaycanda 8 giqavat həcmində Günəş və külək enerjisinin istehsalını təmin edəcək. Bu layihələr və mövcud/tikiləcək yeni ötürmə xətləri gələcəkdə Avropaya təkcə mavi qazın deyil, həm də regional miqyasda istehsal olunan "yaşıl elektrik enerjisinin" ixracına imkan yaradacaq.
Yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın Şərq-Qərb (Orta Dəhliz) və Şimal-Cənub daşımalar dəhlizlərindəki mövqeyi kritik əhəmiyyət kəsb edir. Dövlət başçısı ölkənin tranzit imkanlarını genişləndirmək üçün milli maliyyə imkanları hesabına böyük investisiyalar qoyulduğunu və yüklərin həcminin bütün istiqamətlərdə artdığını diqqətə çatdırıb: “Azərbaycan regional daşımalar layihələrinin bir çox hallarda fəal iştirakçısı və təşəbbüskarıdır. Şərq-Qərb və Şimal-Cənub daşımalar dəhlizləri Azərbaycandan keçir və qonşularımızla, həmçinin qonşularımızın qonşuları ilə yaxşı münasibətləri bizə bütün iştirakçılara fayda gətirən çox geniş əməkdaşlıq formatını qurmağa imkan yaratdı. Bu gün Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlərdə artır. Biz Azərbaycanda və qonşuluqda daşımalar infrastrukturuna böyük sərmayələr yatırdıq və bunu davam etdiririk. Yeni geosiyasi vəziyyətə gəldikdə isə görürük ki, ticarət üçün dəniz limanlarımızın, dəmir yolu infrastrukturunun imkanlarının genişləndirilməsinə ehtiyac duyulur. Bütün bunları biz cədvələ və öz maliyyə imkanlarımıza uyğun edirik”.
Prezident İlham Əliyevinmətbuata bəyanatının ən mühüm və siyasi çəkili hissəsi Azərbaycan ilə Ermənistan arasındakı normallaşma prosesinə həsr olunub. Dövlətimizin başçısı regional sülhün hüquqi və siyasi əsaslarının artıq qurulduğunu bəyan edib. Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə imzalanan Birgə Bəyannamə və sülh sazişi mətninin paraflanması de-fakto sülhün bərqərar olduğunu göstərir. Bakının sülhün kağız üzərində qalmaması üçün konkret praktiki addımlar atdığını deyən dövlət başçısı Ermənistana daşınan yüklərin tranzitinə qoyulan bütün tarixi məhdudiyyətlərin tamamilə aradan qaldırıldığını da xatırladıb. Ermənistanın daxili tələbatı üçün strateji məhsulların – benzin və dizelin təchizatına başlanılıb. Bu, keçmiş münaqişə tərəfləri arasında etimad quruculuğu üçün inqilabi hesab olunur.
Beləliklə, Azərbaycan-Avropa enerji əməkdaşlığı zamanın sınağından uğurla keçmiş, qarşılıqlı etimada və maraqlara əsaslanan bir tərəfdaşlıq modelidir. Bakının nümayiş etdirdiyi etibarlı təchizatçı reputasiyası və gələcəyə yönəlmiş yaşıl enerji strategiyası bu ittifaqın uzunmüddətli və dayanıqlı olacağını təmin edir. Bu əməkdaşlıq təkcə tərəflərin iqtisadi rifahına deyil, bütövlükdə Avrasiya məkanının enerji təhlükəsizliyinə və sabitliyinə xidmət edir.
Sevinc Azadi, “İki sahil”
Zərgərlik məmulatlarının satışı sahəsində fəaliyyət göstərən sahibkarlarla növbəti maarifləndirici görüş keçirilib
Özəlləşdirmədə yeni mərhələ: Dövlət aktivləri iqtisadi dövriyyəyə daha səmərəli cəlb olunur