Bu gün Avropa İttifaqı Azərbaycanla strateji tərəfdaşlıq dili ilə danışır – onun siyasi liderliyini, Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin memarı rolunu, eləcə də Avropa ilə Mərkəzi Asiya arasında əsas körpü funksiyasını tanıyır. Məhz buna görə də Avropa Komissiyası prezidentinin Bakıya səfəri ikitərəfli münasibətlərin keyfiyyətcə yeni səviyyəyə keçidini ifadə edir.
Diqqətçəkən məqam: Ursula fon der Lyayenin səfəri mart ayında Avropa Şurasının prezidenti Antonio Koştanın, may ayında isə Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın səfərlərindən sonra baş tutub. Yüksək səviyyəli təmasların bu intensivliyi Azərbaycanın müasir Avropa siyasəti üçün əhəmiyyətinin göstəricisidir. Prezident İlham Əliyev bu məqamı belə vurğulayır: “Deyərdim ki, əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur. Biz Avropa Komissiyası ilə münasibətləri yüksək dəyərləndiririk. Bu gün xanım Prezident və nümayəndə heyətləri ilə birgə çox böyük təəssürat bağışlayan gündəliyi geniş şəkildə müzakirə etdik”.
Bu gün Avropa Cənubi Qafqaza artıq periferik ərazi kimi deyil, Avrasiya məkanında yeni təhlükəsizlik və logistika arxitekturasının mühüm elementlərindən biri kimi baxır. Bu sistemdə isə Azərbaycan mərkəzi mövqe tutur.
Ursula fon der Lyayen bunu açıq şəkildə bəyan edib: “Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biridir. Onun strateji əhəmiyyəti artmaqda davam edir. Azərbaycan burada əsas rol oynaya bilər. Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Məhz buna görə biz Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılmasını təklif edirik. Bu, nəqliyyat, enerji və rəqəmsal bağlantını əhatə etməklə Yüksəksəviyyəli Bağlantı Dialoqu ilə sıx bağlıdır. Həmçinin yaxşı olardı ki, burada - Bakıda Regional Bağlantı Sərmayə Konfransının təşkil edilməsi üzərində də işləyək. Beləliklə Avropanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı bir araya gətirəcəyik.
Bu sitat yeni geosiyasi reallığın etirafıdır. Son illərdə Azərbaycan coğrafi mövqeyini strateji üstünlüyə çevirə bilib. Ölkə ərazisindən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir, Orta Dəhliz fəal inkişaf edir, dəmir yolları, avtomobil və liman infrastrukturu modernləşdirilir. Bütün bu iri layihələr əsasən Azərbaycanın öz maliyyə resursları hesabına həyata keçirilir. Nəticədə isə yükdaşımaların həcmi artır. Dövlət başçısı bununla bağlı bildirdi ki: “Bu gün Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlərdə artır. Biz Azərbaycanda və qonşuluqda daşımalar infrastrukturuna böyük sərmayələr yatırdıq və bunu davam etdiririk. Yeni geosiyasi vəziyyətə gəldikdə isə görürük ki, ticarət üçün dəniz limanlarımızın, dəmir yolu infrastrukturunun imkanlarının genişləndirilməsinə ehtiyac duyulur. Bütün bunları biz cədvələ və öz maliyyə imkanlarımıza uyğun edirik”.
Avropa İttifaqının Azərbaycanın regional təhlükəsizlikdə rolunu tanıması da az əhəmiyyət kəsb etmir. Hələ yaxın keçmişdə Cənubi Qafqaz yalnız uzunmüddətli münaqişə ilə assosiasiya olunurdu. Bu gün isə Avropa liderləri regionu sülh prosesinin inkişaf etdiyi məkan kimi dəyərləndirirlər. Bu sülh gündəliyinin müəllifi isə Azərbaycandır. Ursula fon der Lyayen bunu son onilliklərin ən mühüm hadisəsi kimi qiymətləndirir: “Ermənistanla tarixi sülh müqaviləsini başlatmağınız münasibətilə Sizi təbrik edim. Siz regionda sülhün və əməkdaşlığın təşviq olunmasında şəxsi liderlik keyfiyyətlərini nümayiş etdirdiniz. Bu, sabitlik, etimad və ortaq rifah üçün yeni imkanlar yaradır. Avropa İttifaqı bu prosesi qəti şəkildə dəstəkləyir. Biz kağız üzərində sülhü birlikdə real sülhə çevirə bilərik. Məhz buna görə biz bu gün burada birlikdə çalışırıq”.
Bu yanaşma göstərir ki, Brüssel Azərbaycanı yeni regional reallığı formalaşdıran dövlət kimi görür. Öz növbəsində, Aİ də bu prosesə töhfə verməyə çalışır: “Biz bağlantı vasitəsilə sülhü gücləndirmək istəyirik. Biz “Qlobal Qapılar” Sərmayə Proqramımız vasitəsilə Cənubi Qafqazda nəqliyyata, enerjiyə və rəqəmsal keçidlərə 200 milyon avroya qədər qrant şəklində sərmayə yatıracağıq. Bunun dövlət və özəl sərmayələr formasında 2 milyard avroya qədər vəsaitləri cəlb etmək potensialı var. Layihələrə Naxçıvandan keçən dəmir yolu bağlantısı və ya Bakı limanının inkişaf etdirilməsi daxil ola bilər”.
Prezident İlham Əliyev isə Azərbaycanın artıq atdığı konkret addımları qeyd edir: “Sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atdıq. Azərbaycan öz ərazisi ilə Ermənistana daşınan yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırıb. Həmin məhdudiyyətlər beynəlxalq səviyyədə tanınmış ərazilərimizin Ermənistan tərəfindən işğalı səbəbindən tətbiq edilmişdi. Biz, həmçinin çox mühüm yanacağı, xüsusən də benzin və dizeli Ermənistana təchiz etməyə başlamışıq. Bu günün geosiyasi vəziyyətinə gəldikdə, onun əhəmiyyəti heç zaman olmadığı qədər daha da artır. Beləliklə, biz göstəririk ki, sülh bizim üçün artıq hiss olunan məfhumdur, onu hiss edə bilirik və sülh şəraitində yaşamağı öyrənirik. Torpaqlarımız 30 il ərzində işğal altında qalmışdı. Biz suverenliyimizi, ərazi bütövlüyümüzü güc və siyasi vasitələrlə bərpa etdik. Biz Ermənistana sülh təklif etmişik. Bir sözlə, sülh artıq reallıqdır. Lakin biz onu gücləndirmək, uzunmüddətli və əbədi etmək üçün ürəkdən çalışmalıyıq. Əlbəttə, biz Avropa Komissiyasının dəstəyini çox yüksək dəyərləndiririk”. Bu yanaşma Avropa İttifaqı tərəfindən də dəstəklənib. Ursula fon der Lyayen 20 milyon avroluq yeni sülh proqramını elan edib. Bu proqram çərçivəsində səhiyyə, minatəmizləmə, kənd təsərrüfatı və yerli icmaların inkişafına investisiyalar nəzərdə tutulur.
Energetika sahəsi isə ənənəvi olaraq əsas istiqamətlərdən biri olaraq qalır. 2022-ci ildə baş verən hadisələr Azərbaycanın Avropanın enerji təhlükəsizliyi üçün nə qədər vacib olduğunu açıq göstərdi. Rusiyadan Avropaya qaz tədarükünün azalmasından sonra Azərbaycan faktiki olaraq Aİ-nin enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilmişdir. “Cənub Qaz Dəhlizi” artıq uğurlu və etibarlı enerji təchizatı marşrutu kimi tanınır. Bu gün Azərbaycan qaz ixracının yarısı Aİ ölkələrinə yönəlir. Prezident İlham Əliyev bildirdi ki, 2022-ci ildən sonra ixrac 65 faiz artıb və artıq 10 Aİ ölkəsi Azərbaycan qazı alır. Eyni zamanda, əməkdaşlıq yeni mərhələyə qədəm qoyur – yaşıl enerji sahəsinə. Azərbaycan günəş, külək və hidroenerji sahəsində böyük potensiala malikdir və yaxın illərdə bu sahədə 8 giqavat gücündə enerji istehsalı planlaşdırılır. Bütün bu amillər göstərir ki, Avropa İttifaqı Azərbaycanı yalnız enerji tərəfdaşı kimi deyil, həm də Avrasiya məkanında strateji rol oynayan dövlət kimi görür.
Bu gün Azərbaycan həm regional sabitliyin təminatçısı, həm Avropanın enerji təhlükəsizliyinin dayağı, həm də yeni nəqliyyat və enerji dəhlizlərinin mərkəzidir. Və əgər bir neçə il əvvəl Avropa Azərbaycanda yalnız qaz təchizatçısını görürdüsə, bu gün o, artıq strateji müttəfiq kimi qiymətləndirilir. Məhz buna görə Avropa Komissiyası prezidentinin bu səfəri sadəcə diplomatik hadisə deyil – bu, Azərbaycanın qlobal geosiyasi sistemdə yeni rolunun açıq təsdiqidir. Avropa Komissiyası sədrinin Azərbaycana səfəri praqmatizmin və strateji maraqların siyasi ziddiyyətlər üzərində üstünlük qazandığını göstərir. Aİ reallığı qəbul edir və Azərbaycanla güclü və müstəqil tərəfdaş kimi münasibətlər qurmağa hazırdır. Əsas odur ki, bu tərəfdaşlıq qarşılıqlı olsun və Aİ tərəfindən konkret addımlarla dəstəklənsin. O cümlədən, ölkəmizə münasibətdə qərəzli Avropa siyasətçiləri tərəfindən tətbiq olunan “ikili standartlar” praktikasının aradan qaldırılması istiqamətində də. Çünki Azərbaycan dürüst, açıq şəkildə mövqe nümayiş etdirir və Avropaya çoxsaylı məsələlərdə real dəstək verir.
Hicran Hüseynova,
Milli Məclisin komitə sədri, professor