04 iyul 2026 21:14
97

Macarıstanda yeni konstitusiya hazırlanacaq, ümumxalq referendumu keçiriləcək

Macarıstanın Baş naziri Peter Madyar prezidentin hakimiyyətdən kənarlaşdırılmasına dair Konstitusiyaya dəyişikliklər layihəsini parlamentə təqdim edib.

“İki sahil” "Index"ə istinadən xəbər verir ki, Madyar bu barədə videomüraciətində bildirib.

"Bu gün parlamentə təqdim edilən hər bir bəndin tək bir məqsədi var – daha heç kim Macarıstan dövlətini girov götürə bilməsin", – o əlavə edib.

Onun sözlərinə görə, Macarıstanda yeni konstitusiya hazırlanacaq və o, daha sonra, böyük ehtimalla payızda, ümumxalq referendumuna çıxarılacaq.

Düzəlişlərə Macarıstanın fəaliyyətdə olan prezidenti Tamaş Şuyokun mandatının başa çatdırılması, parlament deputatlarının səlahiyyətlərinin 3-4 illik müddətlə məhdudlaşdırılması və Konstitusiya Məhkəməsi üzvləri üçün yaş həddinin 70 olaraq müəyyən edilməsi daxildir. Bundan əlavə, sənədə əsasən məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görüləcək, Dövlət Aktivlərinin Bərpası və Müdafiəsi Milli Ofisi yaradılacaq, Konstitusiya Məhkəməsinin səlahiyyətləri genişləndiriləcək və dövlət orqanları üzərində demokratik nəzarət gücləndiriləcək.

"Yeni prezident konstitusiya prosesi başa çatana qədər Macarıstan parlamenti tərəfindən 5 ilə qədər müddətə seçiləcək və bu seçimin bu yay baş tutacağı gözlənilir", – Madyar bildirib.