06 iyul 2026 11:00
87

Rusiya vətəndaşlarına qarşı ayrı-seçkilik edən miqrantlar ölkədən qovulacaq

Dövlət Dumasında müzakirə edilən yeni qanun layihəsinə əsasən, xarici vətəndaşların deportasiya edilməsinə əsas verən inzibati xətaların sayı 45-ə çatdırılır.

Rusiyada yerli sakinlərə qarşı diskriminasiya edilməsi və rusiyalı sərhədçilərin qanuni tələblərinə tabe olmamaq miqrantların ölkədən çıxarılması üçün rəsmi əsas ola bilər.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.

Spikerin sözlərinə görə, deputatlar bu həftə miqrasiya siyasətinin təkmilləşdirilməsinə yönəlmiş qanun layihələrinin nəzərdən keçirilməsini davam etdirəcəklər. İlkin variantda Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsində xarici vətəndaşların ölkədən qovulmasını nəzərdə tutan maddələrin sayının 22-dən 43-ə qədər artırılması təklif edilsə də, daxil olan son düzəlişlər nəzərə alınmaqla bu rəqəm 45-ə çatdırılıb.

Vyaçeslav Volodin özünün "X" (keçmiş "Twitter") sosial şəbəkəsindəki rəsmi kanalında mövzu ilə bağlı bunları yazıb: "Qanunsuz əməllərin siyahısına yeniləri əlavə olunacaq: diskriminasiya, yəni insanın cinsindən, irqindən, dərisinin rəngindən, milliyyətindən, dilindən, yaşından, dinə münasibətindən və digər amillərdən asılı olaraq onun hüquq, azadlıq və qanuni mənafelərinin pozulması, həmçinin Rusiya Federasiyasının dövlət sərhədinin mühafizəsi üzrə vəzifələrini yerinə yetirən hərbi qulluqçunun qanuni sərəncamına və ya tələbinə tabe olmamaq".

Dövlət Dumasının sədri qeyd edib ki, təklif olunan bu dəyişikliklər cəmiyyətdə təhlükəsizliyin artırılmasına və miqrasiya sahəsində ciddi qayda-qanunun yaradılmasına xidmət edəcək.