07 iyul 2026 22:30
108

Türkiyə ilə Kanada sərbəst ticarət sazişi üzrə danışıqlara başlayıb

Türkiyə ilə Kanada arasında sərbəst ticarət sazişi üzrə danışıqlara başlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Kanadanın Baş naziri Mark Karninin NATO sammiti çərçivəsində keçirilən görüşdən sonra yaydıqları birgə bəyanatda bildirilib.

Tərəflər hər iki ölkə üçün faydalı olacaq, müasir və hərtərəfli ATS-nin hazırlanması istiqamətində danışıqların başlanmasını məmnunluqla elan ediblər.

"Türkiyə və Kanada, hərtərəfli, müasir və hər iki tərəfin xeyrinə olacaq sərbəst ticarət sazişinə dair danışıqların başladığını rəsmən elan edərək bu prosesdə növbəti addımı atır. Daha yaxın iqtisadi əməkdaşlıq iqtisadi artımı dəstəkləyəcək, yeni iş yerlərinin açılmasına töhfə verəcək, rəqabət qabiliyyətini artıracaq, tədarük zəncirlərini gücləndirəcək və müəssisələrimizin getdikcə daha dinamik xarakter alan qlobal iqtisadiyyatda uğur qazanmalarına kömək edəcək", - bəyanatda vurğulanıb.

Bildirilib ki, yaxın aylarda Türkiyə və Kanadanın texniki nümayəndə heyətləri sazişin əhatə dairəsi və məqsədlərinin müəyyənləşdirilməsi, həmçinin danışıqların ilk mərhələsinə hazırlıq üçün texniki işləri həyata keçirəcəklər.