08 iyul 2026 12:10
79

AZAL və “Sea Breeze” birgə lotereya kampaniyasına başlayır

Azərbaycan Hava Yolları (AZAL) və “Sea Breeze” sərnişinlər üçün yeni lotereya kampaniyasına start verir. “Səma və dəniz” adlı lotereya çərçivəsində “AZAL Miles” loyallıq proqramının iştirakçıları müxtəlif hədiyyələr, o cümlədən “Sea Breeze”də mənzil qazanmaq imkanı əldə edəcəklər.

“İki sahil” xəbər verir ki, AZAL-dan bildirilib ki, kampaniya bu il 8 iyul - 8 sentyabr tarixlərini əhatə edir. Lotereyanın yekun tirajı isə sentyabrın 28-də keçiriləcək.

Lotereyada iştirak etmək üçün sərnişinlərin “AZAL Miles” loyallıq proqramının üzvü olması və şəxsi kabinetdə yerləşdirilmiş xüsusi bölmədə kampaniyanın şərtləri ilə tanış olaraq iştiraklarını təsdiqləmələri kifayətdir.

İştirakçılar kampaniya müddətində müxtəlif əməliyyatlar həyata keçirərək lotereyada iştirak üçün şanslar əldə edə bilərlər. Bu şanslar “AZAL Miles” proqramına qoşulmaq, uçuş milləri toplamaq və ya istifadə etmək, eləcə də “AZAL Miles” nömrəsi ilə aviabilet almaq kimi fəaliyyətlərə görə verilir. Toplanan bütün şanslar iştirakçının şəxsi kabinetində yaradılmış xüsusi lotereya səhifəsində elektron şəkildə əks olunur.

Lotereya çərçivəsində ümumilikdə 100 qalib elektron qaydada təsadüfi seçim əsasında müəyyən ediləcək və nəticələr Azərbaycan Hava Yollarının rəsmi kommunikasiya kanalları vasitəsilə elan olunacaq. Qalib iştirakçılarla əlavə olaraq telefon zəngi və ya elektron bildiriş vasitəsilə əlaqə saxlanılacaq.

Stimullaşdırıcı lotereyada iştirak şərtləri və uduş fonduna daxil olan hədiyyələr ilə “AZAL Miles” şəxsi kabinetində tanış olmaq mümkündür.