08 iyul 2026 18:23
117

Ağcaqanad sancması hansı fəsadları törədə bilər?

Yay aylarında havaların istiləşməsi ilə birlikdə ağcaqanad və digər həşərat sancmaları daha tez-tez müşahidə olunur. Əksər hallarda yalnız qaşınma və yüngül qızartı ilə müşayiət olunan bu sancmalar bəzi insanlarda ciddi allergik reaksiyalara, infeksiyalara və təcili tibbi müdaxilə tələb edən sağlamlıq problemlərinə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, hər həşərat sancması zərərsiz hesab edilməməlidir və təhlükəli əlamətləri vaxtında tanımaq böyük əhəmiyyət daşıyır.

Türkiyəli dermatoloq Osman Vural bildirib ki, yay aylarında temperaturun yüksəlməsi ağcaqanad və digər həşəratların aktivliyini artırır. Onun sözlərinə görə, insanların açıq havada daha çox vaxt keçirməsi, nazik geyimlərdən istifadə etməsi və təbiətlə bütünlüyün artması dərinin həşəratlarla təmasını asanlaşdırır: “Ağcaqanad sancmaları adətən kiçik, qaşınan və qızarmış şişkinlik şəklində özünü göstərir. Arı sancmaları isə daha ağrılı olur və sancılan nahiyədə nəzərəçarpan şişkinlik yaradır. Gənələr isə digər həşəratlardan fərqli olaraq dəriyə yapışaraq uzun müddət orada qala bilirlər. Gənə çıxarıldıqdan sonra həmin nahiyədə kiçik iz və ya yüngül qızartı müşahidə oluna bilər.”

Osman Vural vurğulayıb ki, həşərat sancmalarından sonra yaranan yüngül qızartı, qaşınma və kiçik şişkinliklər əksər hallarda normal hesab olunur. Lakin şişkinliyin sürətlə böyüməsi, yüksək hərarət, nəfəs darlığı, başgicəllənmə və ümumi vəziyyətin pisləşməsi ciddi reaksiyanın əlaməti ola bilər. Belə hallarda vaxt itirmədən həkimə müraciət etmək lazımdır. Onun sözlərinə görə, qaşınma, qızartı və yüngül şişkinlik adətən bir neçə gün ərzində öz-özünə aradan qalxır. Bununla yanaşı, bəzi insanlarda daha geniş sahəni əhatə edən şişkinlik yarana bilər. Əgər şişkinlik böyüməyə davam edirsə, güclü ağrı, irinli axıntı, hərarət, halsızlıq yaranırsa və ya əlamətlər bir həftədən çox davam edirsə, mütləq tibbi yardım alınmalıdır.

Dermatoloq bildirib ki, uşaqlar və atopik dermatit kimi həssas dəri xəstəlikləri olan şəxslər risk qrupuna daxildir. Bu insanlarda immun sistemi daha güclü reaksiya verdiyi üçün qaşınma, qızartı və şişkinlik daha kəskin şəkildə özünü göstərə bilər. Osman Vural diqqətə çatdırıb ki, sancılan nahiyənin intensiv qaşınması dəri bütövlüyünü pozur və bakteriyaların həmin sahəyə daxil olaraq infeksiya yaratmasına səbəb ola bilər. Buna görə də sancılan nahiyəni qaşımamaq və təmiz saxlamaq vacibdir.

Mütəxəssis bəzi ağcaqanad növlərinin malyariya, Qərbi Nil qızdırması, denge qızdırması, çikunqunya (CHIKV)  və zika virusu kimi xəstəliklərin yayılmasında rol oynadıqlarını diqqətə çatdırıb. Bu xəstəliklərin yayılması regiondan asılı olaraq dəyişsə də, iqlim dəyişikliyi və beynəlxalq səyahətlərin artması səbəbindən qlobal risklər diqqətlə izlənilir.

Ağcaqanad sancmasından sonra ilk yardım barədə danışan Osman Vural bildirib ki, ilk növbədə sancılan nahiyə sabunlu su ilə yuyulmalıdır: “Daha sonra 10-15 dəqiqə müddətində soyuq kompres tətbiq olunması qaşınma və şişkinliyin azalmasına kömək edə bilər. Zərurət yarandıqda isə yalnız həkim məsləhəti ilə antihistamin preparatlar və ya qısamüddətli yerli kortikosteroid kremlərdən istifadə oluna bilər. Dermatoloq xüsusilə ağır allergik reaksiyaların əlamətlərinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb. O, bildirib ki, nəfəs darlığı, dil və ya boğazda şişkinlik, bütün bədəni əhatə edən səpgilər, ürəkdöyünmə, başgicəllənmə, huşunu itirmə və ya şüur itkisi anafilaksiya adlanan həyati təhlükəli allergik reaksiyanın əlamətləri ola bilər. Belə vəziyyətdə dərhal təcili tibbi yardım çağırılmalıdır.

Osman Vural yay aylarında həşərat sancmalarından qorunmaq üçün açıq rəngli və uzunqollu geyimlər seçməyi, riskli ərazilərdə torlu pəncərələrdən və ağcaqanad torlarından istifadə etməyi, həşəratların çoxaldığı durğun su mənbələrindən uzaq durmağı və uyğun həşəratqovucu vasitələrdən yararlanmağı tövsiyə edib. O qeyd edib ki, bu tədbirlər xüsusilə uşaqlar və həssas dəriyə malik şəxslər üçün daha böyük əhəmiyyət daşıyır.

Şahnigar Əhmədova, “İki sahil”