10 iyul 2026 19:16
83

İsti hava insult riskini artırır

Yay aylarında isti hava səbəbindən küçədə özünü pis hiss edən və ya huşunu itirən insanlara tez-tez rast gəlinir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür hallar hər zaman sadəcə günvurma olmaya, insultun əlaməti də ola bilər.

“İki sahil” xəbər verir ki, kardioloq Yelena Malışevanın sözlərinə görə, istidən yaranan halsızlıq adətən susuzlaşma, bədənin həddindən artıq qızması və qan təzyiqinin enməsi ilə bağlı olur. Belə hallarda zəiflik, başgicəllənmə, gözlərin qaralması, qulaqlarda küy və soyuq tər müşahidə edilir. Şəxs sərin yerə aparılıb uzandırıldıqda və ayaqları qaldırıldıqda vəziyyəti çox vaxt qısa müddətdə yaxşılaşır:

"İnsult zamanı isə vəziyyət fərqli olur. Üzün bir tərəfinin sallanması, qol və ya ayaqda qəfil zəiflik, nitqin pozulması və ya danışılanı anlamamaq kimi əlamətlər yaranır. Bu simptomlar müşahidə edilərsə, vaxt itirmədən təcili tibbi yardım çağırmaq lazımdır".

Həkim tövsiyə edir ki, şübhə yarandıqda şəxsdən gülümsəməsi, hər iki qolunu qaldırması və sadə bir cümlə deməsi istənilsin. Bu hərəkətlərdə çətinlik varsa, insult ehtimalı yüksəkdir. Təcili yardım gələnədək zərərçəkən uzandırılmalı, təmiz hava təmin edilməli, dar geyimləri boşaldılmalı, ona su, yemək və ya dərman verilməməlidir.