Yay tətilində uşaqların qidalanma rejiminin dəyişməsi ağız və diş sağlamlığına da təsir göstərə bilər. Dondurma, meyvə şirəsi və soyuq içkilərin daha çox istehlak edildiyi bu dövrdə əsas risk yalnız bu məhsulların qəbulunda deyil, onların gün ərzində nə qədər tez-tez istehlak edilməsindədir.
Türkiyəli diş həkimi Melisa Albayrak bildirir ki, xüsusilə meyvə şirələrinin tez-tez qəbul edilməsi diş minasına mənfi təsir göstərə bilər: “Meyvələrin tərkibində təbii şəkildə olan şəkərlər və üzvi turşular, xüsusilə meyvə şirəsi gün ərzində tez-tez istehlak edildikdə, diş minasının turşu təsirinə daha uzun müddət məruz qalmasına səbəb ola bilər. Uşaqların gün ərzində meyvə şirəsini mümkün qədər yeməklə birlikdə və məhdud miqdarda qəbul etməsi daha məqsədəuyğundur. Meyvə şirəsi içdikdən sonra su içmək və ya ağızı su ilə yaxalamaq ağız mühitindəki turşuların durulaşmasına kömək edə bilər. Uşaqlar üçün ən sağlam içki isə həmişə su olaraq qalır”.

Mütəxəssis dondurmanın uşaqlar üçün tamamilə qadağan edilməsinin vacib olmadığını bildirib. Əsas məsələ onun qəbul tezliyi və vaxtıdır: “Dondurmanın əsas yeməkdən sonra istehlak edilməsi və ardınca su içilməsi gün ərzində tez-tez şəkərli qəlyanaltı qəbul etməklə müqayisədə dişlər üçün daha aşağı risk yarada bilər. Bununla yanaşı, yapışqan şirniyyatlar və ağızda uzun müddət qalan qəlyanaltılar diş səthlərinin şəkər və turşularla daha uzun müddət təmasda olmasına səbəb olduğu üçün daha çox diqqət tələb edir”.
Turşulu qida və içkilərdən sonra diş minasının müvəqqəti olaraq daha həssas hala gələ biləcəyini bildirən Albayrak, dişlərin dərhal fırçalanmamasını tövsiyə edib: “İstehlakdan dərhal sonra dişləri fırçalamaq əvəzinə, ağız pH-nın yenidən tarazlanması üçün təxminən 30 dəqiqə gözləmək daha uyğun yanaşmadır. Bu müddətdə su içmək ağız mühitinin neytrallaşmasına kömək edə bilər.”

Yay tətilində uşaqların yuxu və qidalanma rejimi dəyişsə də, diş baxımının bundan təsirlənməməsi vacibdir: “Tətil zamanı da uşaqların gündə iki dəfə, yaşına uyğun miqdarda flüor tərkibli diş məcunu ilə dişlərini fırçalaması vacibdir. Bununla yanaşı, müntəzəm diş həkimi müayinələrinin təxirə salınmaması yarana biləcək problemlərin erkən aşkarlanmasına və müalicəsinə imkan verir”.
Mütəxəssis yekun olaraq qeyd edib ki, uşaqların yay aylarında dondurma və meyvə şirəsini tamamilə həyatlarından çıxarmalarına ehtiyac yoxdur. Əsas məsələ istehlak tezliyini azaltmaq, bu məhsulları əsasən yeməklərlə birlikdə qəbul etmək, sonra su içmək və gündəlik ağız baxımını davam etdirməkdir.
Şahnigar Əhmədova, “İki sahil”