Bakı Dövlət Universiteti (BDU) rektorunun rəqəmsallaşma və innovasiyalar üzrə müşaviri Güman Qarayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kembric Universiteti tərəfindən təşkil olunacaq tədqiqat səfərində iştirak edəcək.
“İki sahil” xəbər verir ki, 15 iyul – 15 avqust tarixlərini əhatə edəcək səfərin əsas məqsədi dünya səviyyəli elmi-tədqiqat müəssisəsində elmi araşdırmaların təşkili və idarə edilməsi sahəsində təcrübə qazanmaq, struktur biologiyasının aktual hesablama məsələləri üzərində birbaşa iş aparmaqdır. Bu səfər çərçivəsində aşağı ayırdetmə qabiliyyətinə malik krio-elektron mikroskopiya (krio-EM) xəritələrinə atom struktur modellərinin uyğunlaşdırılması problemi tədqiq olunacaq.
Tədqiqatın nəticəsində idarəetmə təcrübəsinin əldə edilməsi və hesablama metodlarının praktiki proqram təminatına çevrilməsi nəzərdə tutulur.