13 iyul 2026 14:38
85

Dövlət icra məmurlarının fəaliyyətinə kim nəzarət edir?

Vətəndaşlar icra məmurlarının qərarlarından həm məhkəməyə, həm də Ədliyyə Nazirliyinə şikayət edə bilərlər

Dövlət icra məmurlarının fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş nəzarət mexanizmləri əsasında həyata keçirilir. Eyni zamanda, onların qərarlarından və ya hərəkətlərindən narazı qalan şəxslər üçün qanunla şikayət vermək hüququ da nəzərdə tutulub.

Ədliyyə Nazirliyinin Mətbuat Xidməti "İki sahil"in sorğusuna cavab olaraq bununla bağlı mövcud prosedurları açıqlayıb.

Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, dövlət icra məmurlarının fəaliyyətinə əsas nəzarəti Ədliyyə Nazirliyi həyata keçirir. Bununla yanaşı, müvafiq icra qurumunun rəhbəri və icra sənədini vermiş məhkəmə də qanunla müəyyən edilmiş nəzarət səlahiyyətlərinə malikdir.

O da qeyd edilib ki, dövlət icra məmurlarının qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən narazı qalan şəxslər həm məhkəmə qaydasında, həm də inzibati qaydada Ədliyyə Nazirliyinə şikayət verə bilərlər.

Yaqut Ağaşahqızı, “İki sahil”