Peşədə uğur üçün hüquqi biliklə yanaşı, yüksək məsuliyyət və peşə etikası da əsas şərtlərdən sayılır
Dövlət icra məmuru olmaq yalnız qanunvericiliyin tələblərinə cavab verməklə məhdudlaşmır. Bu peşə yüksək məsuliyyət, peşəkarlıq və etik davranış prinsiplərinə sadiqlik tələb edir.
Ədliyyə Nazirliyinin Mətbuat Xidməti "İki sahil"in sorğusuna cavab olaraq bu sahədə çalışmaq istəyən şəxslərə tövsiyələrini bölüşüb.
Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, dövlət icra məmuru peşəsi yüksək məsuliyyət, obyektivlik, intizam və peşəkarlıq tələb edən fəaliyyət sahəsidir.
Diqqətə çatdırılıb ki, bu vəzifədə çalışan şəxslər məhkəmə və digər orqanların qərarlarının icrasını təmin etməklə vətəndaşların hüquqlarının müdafiəsinə, eləcə də qanunun aliliyinin təmin olunmasına mühüm töhfə verirlər.
Qeyd olunub ki, dövlət icra məmuru kimi fəaliyyət göstərmək istəyən şəxslər bilik və bacarıqlarını davamlı inkişaf etdirməli, qanunvericiliyi dərindən mənimsəməli və peşə etikası prinsiplərinə daim sadiq qalmalıdırlar.
Yaqut Ağaşahqızı, “İki sahil”