13 iyul 2026 15:31
79

İşğaldan azad olunmuş ərazilərdə əmək təhlükəsizliyi üzrə tədbirlər genişləndirilir

2026-cı ilin ilk yarısında 83 işəgötürənin 1 451 əməkdaşını əhatə edən 28 maarifləndirmə tədbiri keçirilib

İşğaldan azad olunmuş ərazilərdə yeni iqtisadi fəaliyyət sahələrinin yaradılması və məşğulluq imkanlarının genişlənməsi təhlükəsiz əmək prinsiplərinin daha da gücləndirilməsini zəruri edir. Bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirləri işəgötürənlərin və əməkdaşların əməyin mühafizəsi sahəsində biliklərinin artırılmasına, qanunvericiliyin tələblərinin düzgün tətbiqinə və təhlükəsiz iş vərdişlərinin formalaşmasına xidmət edir.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin İdarə Heyətinin sədri Vüsal Məmmədov “İki sahil”ə özəl açıqlamasında bildirib ki, işğaldan azad olunmuş ərazilərdə təhlükəsiz əmək mühitinin yaradılması istiqamətində tədbirlər cari ildə də davam etdirilir.

Onun sözlərinə görə, 2026-cı ilin birinci yarısında Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam və Ağdərə istiqamətlərində fəaliyyət göstərən işəgötürənlərin və əməkdaşların iştirakı ilə silsilə maarifləndirmə görüşləri təşkil olunub. Həmin dövrdə keçirilən 28 tədbir 83 işəgötürənin 1 451 nəfərədək əməkdaşını əhatə edib.

Vüsal Məmmədov qeyd edib ki, bu görüşlərin əsas məqsədi iş yerlərində təhlükəsizliyin təmin olunması, əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun qurulması və istehsalat risklərinin düzgün idarə edilməsinə dair məlumatlılığın artırılmasıdır.

Mərkəz sədri vurğulayıb ki, tədbirlərdə müxtəlif dövlət qurumlarının və sosial tərəfdaşların iştirakı əmək, məşğulluq və təhlükəsizlik məsələlərinin kompleks şəkildə müzakirəsinə imkan yaradır. Bu yanaşma işğaldan azad olunmuş ərazilərdə formalaşan yeni əmək mühitinin daha sağlam və dayanıqlı əsaslar üzərində qurulmasına şərait yaradır.

O əlavə edib ki, maarifləndirmə görüşləri zamanı əmək müqavilələrinin qanunvericiliyə uyğun bağlanması və onlara xitam verilməsi, işçilərin hüquqlarının qorunması, təhlükəsiz əmək şəraitinin təşkili və əməyin mühafizəsi sahəsində mövcud tələblər barədə ətraflı məlumatlar təqdim olunur.

Vüsal Məmmədov bildirib ki, iş yerlərində təhlükələrin əvvəlcədən müəyyən edilməsi və risklərin düzgün qiymətləndirilməsi təhlükəsizliyin təmin olunmasında əsas amillərdəndir. Bu səbəbdən keçirilən təlimlərdə qabaqlayıcı tədbirlərin görülməsi, mümkün təhlükələrin aradan qaldırılması və işçilərin sağlamlığının qorunması ilə bağlı praktiki tövsiyələr xüsusi diqqətə çatdırılır.

Onun sözlərinə görə, həyata keçirilən tədbirlərin ilin sonunadək davam etdirilməsi nəzərdə tutulur. Davamlı maarifləndirmə işi işğaldan azad olunmuş ərazilərdə təhlükəsiz əmək mədəniyyətinin daha da möhkəmlənməsinə, işçilərin hüquqlarının qorunmasına və müasir əmək standartlarının tətbiqinə mühüm töhfə verəcək.

Yaqut Ağaşahqızı, “İki sahil”