14 iyul 2026 15:11
84

Avropanın 9 ölkəsi BOK-un maliyyələşdirilməsindən imtina eilməsini tələb edib

Avropanın doqquz ölkəsi Rusiya və Belarus idmançılarını öz himayələri altında keçirilən turnirlərə buraxan Beynəlxalq Olimpiya Komitəsinin (BOK) və digər beynəlxalq idman təşkilatlarının Avropa İttifaqının (Aİ) maliyyələşdirmə proqramlarından çıxarılmasını təklif edib.

“İki sahil” xəbər verir ki, bu barədə Estoniyanın "ERR" milli ictimai yayımçısı məlumat yayıb.

Xatırladaq ki, iyulun 7-də BOK-un İcraiyyə Komitəsi rusiyalı idmançıların beynəlxalq yarışlarda iştirakını məhdudlaşdıran tövsiyələri ləğv edib. Eyni zamanda, Rusiya Olimpiya Komitəsinin də quruma üzvlüyü bərpa olunub.

Sözügedən sanksiya təşəbbüsü ilə ilk olaraq Estoniya çıxış edib. Bu çağırışa daha 8 ölkə — Danimarka, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Finlandiya və İsveç qoşulub. Doqquz ölkə Avropa İttifaqının mədəniyyət və idman məsələlərinə məsul olan avrokomissarı Qlenn Mikallefə rəsmi birgə məktub ünvanlayıb. Müraciətdə həmçinin BOK və digər analoji təşkilatların Avropada idmanın inkişafı ilə bağlı müzakirələrdə və rəsmi tədbirlərdə iştirakının məhdudlaşdırılması məsələsinə baxılması təklif olunub.

"ERR" telekanalının yaydığı birgə bəyanatın mətnində deyilir: "Aİ ölkələri idman təşkilatlarının daxili muxtariyyətinə tam hörmət bəsləməklə yanaşı, beynəlxalq idman strukturlarını insan hüquqları prinsiplərinə, qanunun aliliyinə və dövlətlər arasında dinc münasibətlərə riayət etməyə çağırır".