“İki sahil” xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Kamaləddin Qafarovun mətbuata açıqlamasında yer alıb.
Onun sözlərinə görə, Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrinin mətbuata bəyanatları bir daha göstərdi ki, iki ölkə arasında siyasi dialoq yeni mərhələyə qədəm qoyur. ”Bu münasibətlərin əsas üstünlüyü ondan ibarətdir ki, əməkdaşlıq yalnız diplomatik təmaslarla məhdudlaşmır, eyni zamanda iqtisadi, enerji, humanitar və regional məsələlər üzrə ortaq maraqlara söykənir. Şuşada keçirilən görüşün özü xüsusi siyasi məna daşıyır. Bu gün Şuşa təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də mühüm beynəlxalq təmasların həyata keçirildiyi nüfuzlu platformaya çevrilib. Dost və tərəfdaş ölkələrin dövlət başçılarının məhz bu şəhərdə qəbul edilməsi Azərbaycanın azad olunmuş ərazilərdə yaratdığı yeni reallığın beynəlxalq səviyyədə qəbulunun növbəti ifadəsidir.”
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin bəyanatında səsləndirilən fikirlər Azərbaycanın xarici siyasətində etibarlı tərəfdaşlıq prinsipinə sadiq qaldığını bir daha nümayiş etdirib: “Slovakiya ilə münasibətlərin inkişafına verilən önəm də məhz bu siyasətin tərkib hissəsidir. Qarşılıqlı səfərlərin intensivləşməsi, müxtəlif sahələr üzrə əlaqələrin genişləndirilməsi və konkret layihələrin həyata keçirilməsi iki ölkənin əməkdaşlığının uzunmüddətli perspektivə hesablandığını göstərir. Beynəlxalq münasibətlər sistemində mürəkkəb geosiyasi proseslərin davam etdiyi bir dövrdə etimada əsaslanan tərəfdaşlıqlar xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan bu baxımdan qarşılıqlı maraqlara söykənən, bərabərhüquqlu əməkdaşlıq modelini uğurla həyata keçirən dövlət kimi diqqət çəkir. Slovakiya ilə münasibətlərin inkişafı da məhz qarşılıqlı hörmət və milli maraqların nəzərə alınması prinsiplərinə əsaslanır ki, bu da əlaqələrin davamlılığını təmin edən əsas amillərdəndir. Şuşadan verilən mesajlar onu da göstərdi ki, Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsində açıq dialoqa və konstruktiv tərəfdaşlığa üstünlük verir. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz müxtəlif istiqamətlərdə əməkdaşlıq üçün əlverişli imkanlar təqdim edir və bu imkanlardan qarşılıqlı fayda əsasında istifadə olunması hər iki tərəfin maraqlarına cavab verir.
Bugünkü reallıq göstərir ki, Azərbaycan–Slovakiya münasibətləri artıq yeni keyfiyyət mərhələsinə yüksəlir. Siyasi dialoqun intensivləşməsi, qarşılıqlı etimadın möhkəmlənməsi və əməkdaşlığın konkret nəticələrə yönəlməsi iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Şuşada keçirilən görüş isə bu strateji tərəfdaşlığın inkişaf tarixində mühüm mərhələ kimi qiymətləndirilə bilər.”