15 iyul 2026 15:01
91

Azərbaycanla Slovakiya arasındakı strateji tərəfdaşlıq genişlənir

Azərbaycanla Slovakiyanın dostluq münasibətləri  Avropa İttifaqı kontekstində müstəqil və milli maraqlara əsaslanan siyasətin təzahürüdür. Hər iki dövlətin rəhbərlərinin işgüzar və diplomatik səfərləri davamlıdır və iqtisadi, mədəni əlaqələrin inkişafına xidmət edir. Vurğulamaq lazımdır ki,  iki ölkə arasında diplomatik münasibətlər isə 1993-cü il noyabrın 23-də qurulub. Sonrakı illərdə münasibətlərin institusional bazası mərhələli şəkildə möhkəmləndirilib. Qarşılıqlı diplomatik nümayəndəliklərin yaradılması siyasi dialoqun intensivləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və humanitar əməkdaşlığın inkişafına mühüm töhfə verib.

Cari ilin iyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə yönəlmiş addımdır. Səfər, eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının inkişafına və qarşılıqlı faydalı layihələrin təşviqinə təkan verəcəkdir. Səfər çərçivəsində Qarabağın dilbər güşəsi olan Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Görüşlərdən sonra hər iki dövlətin başçısı mətbuata bəyanatlarla çıxış ediblər. 

Ölkəmizin başçısı mətbuata bəyanatında iki ölkə arasındakı iqtisadi əməkdaşlığa dair deyib: «Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır». Prezident İlham Əliyev vurğulayıb ki, dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. 

Xüsusi bildirilib ki, bu gün Azərbaycan-Slovakiya siyasi əlaqələri çox yüksək səviyyədədir. Dövlətimizin başçısı bildirib ki, qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. Ölkə başçısı deyib:  Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir. «Bu gün biz cənab Prezidentlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Burada Slovakiya şirkəti «ağıllı kənd» layihəsini icra edir və bu layihə ilə tanış olacağıq», - deyən dövlətimizin başçısı Qarabağın bərpasına verdiyi dəstəyə görə Slovakiya Prezidentinə bir daha təşəkkürünü bildirib.

Dövlətimizin rəhbəri deyib ki, «Əminəm ki, bundan sonra da bu münasibətlər inkişaf edəcək. Çünki biz konkret işlərin tərəfdarıyıq...  Hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir. Deyə bilərəm ki, son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır».

Slovakiya Prezidenti Peter Pelleqrini  də  Şuşada Azərbaycanda rəsmi səfərdə, o cümlədən Qarabağda, Şuşada olmağından  çox məmnun olduğunu bildirib: «Mənim üçün bu gün burada olmaq böyük şərəfdir. Mən və həmkarlarım burada çox genişmiqyaslı bərpa işlərinin şahidi oluruq. Burada mən Sizin qısa müddətdə nələr əldə etdiyinizi, nəyə nail olduğunuzu xüsusilə vurğulamaq istəyirəm. Mənim üçün böyük şərəfdir ki, slovak şirkətləri də məhz bu regionun inkişafına öz töhfəsini verirlər. Ümid edirəm ki, onlar bundan sonra da müxtəlif layihələrdə iştirak edəcəklər.»

Peter Pelleqrini bildirib ki, Azərbaycanla Slovakiya arasındakı strateji tərəfdaşlıq sadəcə rəsmi bir sənəddən və ya formal diplomatik münasibətlərdən ibarət deyil, hər iki ölkə bir-birinə həqiqi dostdur və tərəfdaşların bir-birinə təklif edəcəyi bir çox perspektivli sahələr mövcuddur: «Slovakiya öz tərəfdaşları ilə səmimi əməkdaşlıq qurmaq niyyətindədir və Azərbaycan məhz belə tərəfdaşdır. Azərbaycan regionun sabitliyinin və inkişafının qarantı və əsas oyunçusudur, regionun, eyni zamanda, nəqliyyat marşrutlarının və qovşaqlarının birləşdiyi məkandır».

Prezident Peter Pelleqrinin ölkəmizə rəsmi səfəri dost ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi ilə bərabər iki ölkənin maraqlarına xidmət edir. Həmçinin regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdır, yeni investisiya imkanları açır. Diplomatiya, iqtisadi investisiyalar, sənaye əməkdaşlığı və parlament dialoqları strateji tərəfdaşlığın mühüm komponentləri olaraq bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik yaradır.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri