18 iyul 2026 19:28
138

Vernidub: "Dinamo” güclüdür, “Neftçi”ni çətin qarşılaşma gözləyir

"Neftçi" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Belarusun "Dinamo" klubu ilə üz-üzə gələcək.

“İki sahil” xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub bu barədə fikirlərini bölüşüb:

"Sloveniyada toplanış yaxşı keçdi. İstədiyimiz yoldaşlıq görüşləri keçirdik. Rəqiblərimiz heç də pis komandalar deyildi. Əlbəttə, daha çox qələbə qazanmaq istəyərdik. Amma bu, təlim-məşq toplanışı idi və əsas məqsəd futbolçuların fiziki hazırlığını gücləndirmək idi. Bütün oyunçular eyni səviyyədə yüklənmə aldılar və eyni zamanda oyun praktikası qazandılar. Hesab edirəm ki, təlim-məşq toplanışını uğurla başa vurduq. Ən önəmlisi isə odur ki, bu dövrü zədəsiz keçirdik".

Vernidub eyni zamanda transfer siyasəti və gücləndirilməsi planlaşdırılan mövqelər barədə də məlumat verib:

"Transfer məsələsinə gəlincə, hansı mövqelərə oyunçu lazım olduğunu bilirik. İstədiyimiz futbolçular üzərində konkret işləyirik və bu məsələdə səhvə yol vermək istəmirik. Əminliklə deyə bilərəm ki, komanda getdikcə daha da güclənəcək. Yeni cəlb olunan oyunçular da heyəti kifayət qədər gücləndirirlər. Bundan başqa, heyəti gücləndirmək üçün əsas diqqəti hücum xəttinə və sağ cinaha yönəltmişik. Bu istiqamətdə işlər davam edir".

Baş məşqçi bütün diqqətlərini "Dinamo" ilə matça yönəltdiklərini bildirib:

"Hazırda heç bir vəd vermək istəmirəm. Sizə qrup mərhələsinə mütləq yüksələcəyimizi deyə bilmərəm. Bunun üçün əlimizdən gələni edəcəyik. Bilirik ki, bu, asan olmayacaq. Hər şey komandamızın oyunundan və püşkatmadakı rəqiblərdən asılı olacaq. İlk növbədə, "Dinamo" səddini keçməliyik. Bu komanda Belarus çempionudur və hazırda da ölkə çempionatının lideridir. Çox güclü rəqibdir, bizi çətin qarşılaşma gözləyir və biz də buna hazırıq".

Qeyd edək ki, komandalar arasında ilk matç iyulun 22-də Bakıda keçiriləcək. Cavab görüşü isə iyulun 30-da baş tutacaq.