19 iyul 2026 20:49
166

Qazaxıstan dron hücumundan sonra CPC terminalında neft yüklənməsini dayandırıb

Qazaxıstan neftinin Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) dəniz terminalında yüklənməsi iki tankerə pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumdan sonra müvəqqəti dayandırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 19-da yükləmə əməliyyatları zamanı Qazaxıstanda hasil olunan neftin daşındığı ASIA və NISSOS IOS tankeriləri hücuma məruz qalıb.

Hücum nəticəsində gəmilərdə yanğın baş verib. Ekipajların operativ müdaxiləsi sayəsində alov qısa müddətdə söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb, həmçinin neftin dənizə sızmasına yol verilməyib.

Nazirliyin məlumatına əsasən, terminalın üzən yanalma qurğuları – VPU-1 və VPU-3 zədələnməyib. Bununla belə, insidentin nəticələri tam qiymətləndirilənədək yükləmə əməliyyatları dayandırılıb.

Qazaxıstanın Energetika Nazirliyi kritik enerji infrastrukturuna aid mülki obyektlərə qarşı hücumları qəbuledilməz adlandırıb.

Qeyd olunub ki, beynəlxalq enerji infrastrukturuna qarşı güc tətbiqi qlobal enerji təhlükəsizliyi üçün ciddi təhdid yaradır, enerji resurslarının beynəlxalq tədarük zəncirini pozur və layihə iştirakçılarının iqtisadi maraqlarına zərər vurur.