19 iyul 2026 21:03
161

Hakan Fidan: Ümid edirik ki, İran və ABŞ arasında razılaşma bərpa olunacaq

Türkiyənin xarici işlər naziri Hakan Fidan İran ilə ABŞ arasında razılaşmanın yenidən bərpa edilməsinin vacibliyini vurğulayıb.

“İki sahil” "TRT Haber"ə istinadən xəbər verir ki, o bununla bağlı Qətərə səfəri çərçivəsində "Qatar TV" telekanalına müsahibəsində bildirib.

H.Fidan İran və ABŞ arasında davam edən qarşıdurmanın region iqtisadiyyatına mənfi təsir göstərdiyini, münaqişənin genişlənməsi riskinin isə yeni problemlər yarada biləcəyini bildirib.

"İnfrastruktur obyektlərinə hücumların şahidi oluruq. Arzumuz odur ki, İran və ABŞ arasında razılaşma mümkün qədər tez bərpa edilsin. Bildiyiniz kimi, Pakistanın vasitəçiliyi, Qətərin intensiv səyləri və Türkiyənin dəstəyi ilə əvvəllər anlaşma memorandumu hazırlanmışdı. Lakin hazırda bu prosesdən uzaqlaşmışıq. Yenidən həmin mərhələyə qayıtmaq lazımdır", - nazir vurğulayıb.

Fidan əlavə edib ki, Qətərdə keçirdiyi görüşlər zamanı da bu məsələlər müzakirə olunub. Onun sözlərinə görə, Qətər böhranın həlli üçün bütün diplomatik imkanlardan istifadə etməyə davam edir, Türkiyə isə bu istiqamətdə Doha ilə sıx koordinasiya şəraitində fəaliyyət göstərir.

Nazir qeyd edib ki, həm Qətərin təhlükəsizliyi və sabitliyi, həm də bütövlükdə Körfəz regionunda sülh və təhlükəsizliyin təmin olunması Türkiyə üçün strateji əhəmiyyət daşıyır. Bu səbəbdən Ankara Körfəz ölkələri və digər İslam dövlətləri ilə sözügedən məsələ üzrə əməkdaşlığı davam etdirəcək.

Xatırladaq ki, H.Fidan bu gün Qətərə rəsmi səfər edərək bu ölkənin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşüb.