23 iyul 2026 17:35
92

Dodon rəy sorğusuna əsasən liderdir

Moldovanın keçmiş prezidenti, əsas müxalifət qüvvəsi olan Sosialistlər Partiyasının lideri İqor Dodon 2028-ci ildə keçiriləcək növbəti prezident seçkilərində dövlət başçısı postuna potensial namizədlərin reytinqinə rəhbərlik edir.

“İki sahil” xəbər verir ki, bu barədə Moldovanın "IMAS" Sosioloji Tədqiqatlar İnstitutunun iyulun 10-dan 20-dək keçirdiyi rəy sorğusunun nəticələrində bildirilir.

Seçkilər gələn bazar günü keçiriləcəyi təqdirdə, rəyi soruşulanların 13.9%-i səsini Dodona verməyə hazırdır.

Prezidentliyə namizədlər arasında seçicilərin rəğbət reytinqi belə bölünüb: İqor Dodon (Sosialistlər Partiyası) — 13.9%, Vasile Kostyuk ("Evimiz Demokratiya" partiyası) — 9.9%,  Renato Usatıy ("Bizim Partiya") — 7.2%,  Aleksandr Stoyanoqlo (keçmiş baş prokuror) — 6.6%, İqor Qrosu (Məclis sədri, hakim partiya) — 6.5%,  İrina Vlah (Qaqauziyanın keçmiş rəhbəri) — 5.2%.

Digər siyasətçilər 5%-dən az səs toplayıblar. Hazırkı prezident Maya Sandu qanuna əsasən növbəti dəfə namizədliyini irəli sürə bilmədiyi üçün sorğuda yer almayıb.

Siyasi təşkilatlar arasında isə 20.6% dəstəklə hakim "Fəaliyyət və Həmrəylik Partiyası" birinciliyini qoruyur. Onu 14.9% göstərici ilə Sosialistlər Partiyası, 10.2% ilə "Evimiz Demokratiya" və 6.2% ilə "Bizim Partiya" izləyir. Qalan siyasi qüvvələr parlamentə düşmək üçün tələb olunan 5%-lik seçki həddini keçə bilməyiblər. Sorğu 1015 respondent arasında aparılıb.