24 iyul 2026 22:03
106

Gürcüstanda genişmiqyaslı elektrik qəzasının səbəbləri araşdırılır

Gürcüstanın Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyası (GNERC) ölkənin elektrik sistemində baş vermiş genişmiqyaslı qəzanın səbəblərinin araşdırılmasına başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Komissiyanın yaydığı məlumatda bildirilir.

Məlumata görə, GNERC təcili iclas keçirərək iyulun 24-də baş vermiş qəzanın səbəblərinin araşdırılması ilə bağlı qərar qəbul edib.

Qərara əsasən, yaradılmış araşdırma qrupuna tənzimlənən enerji şirkətlərinin məlumat bazalarına və qəza ilə bağlı bütün zəruri informasiyaya məhdudiyyətsiz çıxış imkanı verilib.

Komissiya bildirib ki, iyulun 24-də təxminən saat 00:10-da ölkənin enerji sistemində baş vermiş qəza nəticəsində elektrik və telekommunikasiya şəbəkələrinin fəaliyyətində fasilələr yaranıb. Nəticədə Tbilisi və Gürcüstanın əksər bölgələrində elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılıb.

Hazırda qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.