30 iyul 2026 12:15
112

Startap və vençur investisiyaları üçün yeni mərhələ başlayır

İqtisadçı: Vençur investisiyalarının inkişafı üçün hüquqi bazanın gücləndirilməsi yeni texnologiyaların və innovativ bizneslərin formalaşmasına geniş imkanlar açacaq

Azərbaycanda innovasiya və startap ekosisteminin inkişafına yönəlmiş mühüm qanunvericilik dəyişiklikləri qüvvəyə minib. Prezident İlham Əliyevin təsdiqlədiyi qanunla Əmək Məcəlləsi, Mülki Məcəllə, "Valyuta tənzimi haqqında", "Banklar haqqında", "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Qanunlara edilən dəyişikliklər ölkədə vençur investisiyalarının hüquqi bazasını əhəmiyyətli dərəcədə genişləndirir.

Yeni dəyişikliklər təkcə startapların maliyyələşməsini asanlaşdırmır, həm də investorlarla sahibkarlar arasında münasibətləri beynəlxalq təcrübəyə uyğun şəkildə tənzimləyən mexanizmləri hüquqi müstəviyə gətirir. Qanunla ilk dəfə olaraq SAFE (Simple Agreement for Future Equity), konvertasiya olunan borc (Convertible Note), korporativ müqavilə, işçilərin pay (səhm) iştirakı planı (ESOP), Tag-along, Drag-along, ROFR və Anti-dilution kimi beynəlxalq vençur bazarında geniş istifadə olunan alətlər Azərbaycan qanunvericiliyində öz əksini tapıb.

Ən diqqətçəkən yeniliklərdən biri işçilərin pay iştirakı planı haqqında müqavilənin tətbiqidir. Bu mexanizm şirkətlərə əməkdaşlarını yalnız maaşla deyil, həm də biznesin gələcək uğurunda iştirak imkanı ilə motivasiya etməyə şərait yaradır. Beləliklə, müəssisələr işçilərə səhmləri güzəştli şərtlərlə və ya ödənişsiz təqdim edə biləcək. Bununla yanaşı, həmin payların tam mülkiyyətə keçməsi müəyyən müddət şirkətdə işləmək və ya konkret biznes hədəflərinin yerinə yetirilməsi kimi şərtlərlə əlaqələndiriləcək.

Qanun, eyni zamanda, işçi ilə şirkət arasında yaranacaq mümkün mübahisələrin də hüquqi çərçivəsini müəyyənləşdirir. Əmək münasibətlərinə müxtəlif səbəblərlə xitam verildikdə pay hüquqlarının hansı hissəsinin qorunacağı, hansı hallarda şirkətin həmin payları geri ala biləcəyi və intizam pozuntusu zamanı hansı hüquqların itiriləcəyi dəqiq şəkildə tənzimlənir. Bununla yanaşı, qanun açıq şəkildə müəyyən edir ki, bu səhmlər əməkhaqqı hesab edilmir və maaşı əvəz edən ödəniş kimi istifadə oluna bilməz.

Mülki Məcəlləyə edilən dəyişikliklər isə korporativ idarəetmədə yeni yanaşma formalaşdırır. Bundan sonra şirkət iştirakçıları və səhmdarlar öz aralarında korporativ müqavilə bağlayaraq səsvermə qaydalarını, payların satışı və qiymətləndirilməsi şərtlərini, mübahisələrin arbitraj yolu ilə həllini və digər vacib məsələləri əvvəlcədən razılaşdıra biləcəklər. Bu müqavilələrin notarial təsdiq tələb etməməsi və tərəflər arasındakı münasibətlərdə nizamnamədən üstün hüquqi qüvvəyə malik olması qərarların daha çevik qəbul edilməsinə imkan verəcək.

Qanun, həmçinin vençur investisiyalarında investorların hüquqlarını qoruyan əsas mexanizmləri də rəsmiləşdirir. Birgə satış hüququ (Tag-along) kiçik pay sahiblərinə böyük investorla eyni şərtlərlə paylarını satmaq imkanı verir. Məcburi satış hüququ (Drag-along) isə iri investorun şirkətin tam satışını həyata keçirməsini asanlaşdırır və kiçik tərəfdaşların da həmin satış prosesinə qoşulmasını təmin edir. İlk imtina hüququ (ROFR) isə mövcud səhmdarlara payların ilk olaraq onlara təklif edilməsinə zəmanət yaradır.

Digər mühüm yenilik investorların maliyyə risklərinin azaldılması ilə bağlıdır. Ləğvetmə zamanı üstünlük hüququ investorun yatırdığı vəsaiti təsisçilərdən əvvəl geri almaq imkanını təmin edir. Anti-dilution mexanizmi isə şirkətin növbəti investisiya mərhələlərində qiymətləndirilməsi aşağı düşərsə, ilkin investorun payının dəyərinin qorunmasına xidmət edir.

Qanun şirkətlər üçün maliyyələşmə imkanlarını da genişləndirir. Direktorlar şurasına əvvəlcədən müəyyən edilmiş limit çərçivəsində yeni pay və ya səhmlər buraxmaq səlahiyyətinin verilməsi investisiya prosesini sürətləndirəcək. Bununla yanaşı, gələcəkdə paya çevrilə bilən maliyyə alətlərinin tətbiqi investorların daha çevik maliyyələşmə mexanizmlərindən istifadə etməsinə imkan yaradacaq.

Konvertasiya olunan borc mexanizmi vasitəsilə investor şirkətə borc vəsaiti təqdim edir və müəyyən şərtlər baş verdikdə həmin borc şirkətin payına çevrilir. Bununla yanaşı, SAFE modeli investorlara daha sadə və çevik investisiya imkanı təqdim edir. Bu modeldə verilən vəsait borc hesab olunmur, faiz öhdəliyi yaratmır və gələcək investisiya mərhələsində və ya şirkətin satışı zamanı avtomatik olaraq paya çevrilir. Bu mexanizm xüsusilə inkişafın ilkin mərhələsində olan startaplar üçün maliyyə cəlbini əhəmiyyətli dərəcədə asanlaşdıra bilər.

Dəyişikliklər beynəlxalq investisiyalar baxımından da yeni imkanlar yaradır. Yeni qaydalara əsasən, vençur kapitalı fondları və akkreditə olunmuş investorlar Mərkəzi Bankın müəyyən etdiyi qayda və limitlər çərçivəsində Azərbaycandan kənarda fəaliyyət göstərən innovativ layihələrə də SAFE, konvertasiya olunan borc və digər analoji maliyyə alətləri vasitəsilə investisiya qoya biləcəklər. Bu isə yerli vençur bazarının qlobal innovasiya ekosisteminə inteqrasiyasını sürətləndirə və investorların fəaliyyət imkanlarını genişləndirə bilər.

Ümumilikdə, qəbul edilən dəyişikliklər Azərbaycanda innovasiya iqtisadiyyatının inkişafı istiqamətində mühüm institusional addım hesab olunur. Yeni hüquqi mexanizmlər həm investorların hüquqlarının daha etibarlı qorunmasına, həm startapların maliyyə resurslarına çıxışının asanlaşmasına, həm də ölkədə vençur kapitalı bazarının formalaşmasına əlavə stimul verə bilər. Bununla belə, bu potensialın tam reallaşması qəbul edilən normaların praktik tətbiqindən, icra mexanizmlərinin effektiv işləməsindən və bazar iştirakçılarının yeni imkanlardan nə dərəcədə istifadə edə bilməsindən asılı olacaq.

İqtisadçı Fuad İbrahimov "İki sahil"ə açıqlamasında bildirdi ki, vençur investisiyaları mahiyyət etibarilə risk səviyyəsi yüksək olan layihələrə kapital qoyuluşunu nəzərdə tutur. Onun fikrincə, Azərbaycan bu cür investisiya təcrübəsini müəyyən mənada illər əvvəl də yaşayıb: "Əslində, xarici investorların Azərbaycana “Əsrin müqaviləsi” çərçivəsində yatırdığı vəsait də vençur investisiyası nümunəsi idi. Həmin dövrdə ölkədə siyasi sabitlik tam bərqərar olmamışdı, Qarabağ münaqişəsi davam edirdi, iqtisadiyyat tənəzzül yaşayırdı. Üstəlik, Xəzər dənizinin açıq okeanlara birbaşa çıxışı yox idi və neftin ixrac imkanları da bugünkü kimi geniş deyildi. O vaxt Bakı-Tbilisi-Ceyhan kəməri mövcud deyildi, əsasən Bakı-Supsa və Bakı-Novorossiysk marşrutlarından istifadə olunurdu. Belə mürəkkəb şəraitdə Azərbaycana böyük həcmdə kapital qoyuluşu investorlar üçün kifayət qədər riskli qərar idi".

Fuad İbrahimov qeyd etdi ki, bu gün qəbul olunan qanun isə innovativ layihələrə və startaplara vençur investisiyalarının cəlb edilməsi üçün daha əlverişli hüquqi mühit formalaşdırır: "Bu qanun investorla maliyyə axtaran startap arasında münasibətləri tənzimləyən çərçivə yaradır. Sadə dillə desək, bu, yol hərəkətində işıqforun funksiyasını yerinə yetirir. İnvestor bilir ki, vəsaitini hansı qaydalar əsasında yatırır, hüquqları necə qorunacaq və risklərini hansı mexanizmlərlə idarə edə bilər. Eyni zamanda, investisiya cəlb edən tərəfin də məsuliyyəti və öhdəlikləri qanunla müəyyən edilir. Belə hüquqi çərçivənin mövcudluğu investorların inamını artırır və ölkənin investisiya cəlbediciliyini gücləndirir".

İqtisadçı xatırlatdı ki, vençur investisiyalarının əsas xüsusiyyəti yüksək risklə yanaşı, uğurlu nəticə əldə edildiyi təqdirdə yüksək gəlir gətirməsidir. Onun sözlərinə görə, qanunun qəbul edilməsi mühüm addımdır, lakin əsas məsələ onun effektiv icrasıdır: "Qanun artıq qəbul olunub və təsdiqlənib. İndi əsas vəzifə icra mexanizmlərinin düzgün işləməsini təmin etməkdir. Burada məsul dövlət qurumlarının üzərinə böyük öhdəlik düşür. Əgər qanunun tətbiqi effektiv şəkildə həyata keçirilərsə, bu, Azərbaycanda innovativ layihələrə daha çox vençur investisiyasının cəlb edilməsinə, yeni texnologiyaların inkişafına və ölkəyə əlavə investisiyaların gəlməsinə ciddi təkan verəcək”.

Nigar Orucova, "İki sahil"