Azərbaycan xalqının tarixi qəhrəmanlıq nümunələri ilə zəngindir. Bu xalq əsrlər boyu Vətənini qorumaq üçün saysız-hesabsız igidlər yetişdirib. 2020-ci ilin 44 günlük Vətən müharibəsi isə müasir Azərbaycan tarixində milli birliyin, güclü dövlətin, peşəkar Ordunun və əsgər fədakarlığının ən parlaq təzahürünə çevrildi.
İkinci Qarabağ müharibəsində ölkə başçısının nümayiş etdirdiyi iradə qətiyyətin və məqsədyönlülüyün simvoluna çevrildi. O, hər çıxışında xalqın birliyini əsas güc mənbəyi kimi ön plana çəkərək inam və əzm aşıladı. Sarsılmaz mövqeyi və ardıcıl qərarları ölkənin hədəflərinə doğru inamla irəliləməsini ifadə edirdi. Bu iradə təkcə siyasi liderlik deyil, həm də milli həmrəyliyin təcəssümü kimi yadda qaldı. Tarix həmin dövrü güclü liderlik, birlik və qətiyyət nümunəsi kimi xatırlayır.
Bu zəfərin arxasında minlərlə insanın taleyi dayanır, amma döyüş meydanında olan hər bir hərbçi hər daim Ali Baş Komandana və xalqa etimad edirdi. Məhz elə bunun səbəbi idi ki, hər an ruhlanaraq daha da irəliyə can atırdıq. Kimi şəhid oldu, kimi sağlamlığını itirdi, kimi isə ömrünün sonuna qədər müharibənin izlərini bədənində və ruhunda daşımağa məcbur qaldı. Həmin döyüşçülərdən biri də mənəm ki, İkinci Qarabağ müharibəsinin iştirakçısı və II qrup müharibə əliliyəm.
Hərbi xidmətimi Naxçıvan Muxtar Respublikasında yerləşən Xüsusi Təyinatlı Bölmələrin N saylı hərbi hissəsində şərəflə yerinə yetirmişəm. Hərbi forma mənim üçün sadəcə geyim deyildi. O forma dövlətə sədaqətin, xalqa xidmətin və müqəddəs Vətən andının simvolu idi. Bizə öyrədilən ilk dərs torpağın yalnız sərhəd xətti deyil, namus və şərəf məsələsi olması idi.
2020-ci ilin payızında Azərbaycan xalqı bir yumruq kimi birləşdi. Cəbhədə əsgər döyüşürdü, arxa cəbhədə xalq Ordusuna dayaq olurdu. Hər kəs eyni amal uğrunda yaşayırdı – işğal altında qalan torpaqlarımızın azad edilməsi və 30 illik həsrətin bitməsi.
Mən də silahdaşlarımla birlikdə verilən döyüş əmri əsasında cəbhəyə yollandım. Qarşımızda Hadrut, Xocavənd, Füzuli və son olaraq Şuşaya uzanan çətin bir yol vardı. Biz bilirdik ki, bu yol təhlükələrlə doludur. Lakin heç bir təhlükə Vətən sevgisindən böyük deyildi. O sevgi ki uşaqlıqdan hamımızda bir hissi formalaşdırmışdı, canımız vətən sevgisidən şirin ola bilməz.
Döyüş bölgəsində hər gün həyatla ölüm yanaşı addımlayırdı. Top və artilleriya atəşləri, mina təhlükəsi, ağır relyef və fasiləsiz gərginlik insanın həm fiziki, həm də psixoloji gücünü sınağa çəkirdi. Müharibə insanın xarakterini dəyişir. Orada zaman başqa cür keçir, hər qərar həyati əhəmiyyət daşıyır. Əsas hissə bizə inanan xalqımızın və cənab Ali Baş Komandanın etimadını doğrultmaq idi.
Döyüşlərin birində baş nahiyyəmdən güllə yarası aldım. Bu zərbə mənə yalnız fiziki xəsarət yetirmədi. Başımdan aldığım güllə mənə ağır travma yaşatdı və həyatımı tamamilə dəyişdi. Həmin an həyatımla ölüm arasında çox incə bir xətt vardı. Hətta komandirlərim tərəfindən şəhid olduğum məruzə olunmuşdu. Mən də həmin anda öldüyümü düşünmüşdüm. Məni və mənim kimi neçə döyüş yoldaşımı son anda ölümdən xilas edən bizə inanan, hər an arxamızda olan, zəfərə şübhəsi olmuyan xalqımızın duası idi. Ağrılarım çox idi buna baxmayaraq, vətən qarşısında borcumu yarımçıq qoymaq istəmirdim. Çünki bu yola çıxanda olacaqları nəzərə almışdıq. İndi bu olanları qələmə almaq və danışmaq biraz asan ola bilər amma o anda çox fərqli idi.
Mən xatırlıyıram ki, yaralanmadan üç gün sonra yenidən döyüş yoldaşlarımın yanına qayıtdım və döyüş tapşırıqlarının icrasında iştirak etdim. Sonrakı əməliyyatlarda Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmək mənim üçün böyük şərəf idi. Adını eşitdiyimiz gözəlliyi dillərə dastan olan o yerlərin düşmən tapdağından azad olunmasında əməyimin və əziyyətimin olmağı mənim üçün şərəfdir.
Müharibənin mənə qoyduğu ən ağır izlərdən biri sağlamlığım və itirdiyim döyüş yoldaşlarım oldu. Döyüşdə aldığım xəsarətlər nəticəsində görmə qabiliyyətim demək olar ki, yox səviyyəsinə enib. Həmin ağır travma nəticəsində görmə sinirlərim geri dönməz şəkildə zədələndi. Bu gün görmə qabiliyyətim demək olar ki, yox səviyyəsindədir və aldığım travma gündəlik həyatıma ciddi təsir edir, həyatımın hər günü həmin savaşın izlərini mənə yenidən xatırladır. Bu gün gündəlik həyatımın bir çox sadə işini belə böyük çətinliklə yerinə yetirirəm. Lakin bütün bunlara baxmayaraq, vətən uğrunda xidmət etdiyimə görə qürur duyuram. Mənimlə yanaşı xalqımızın hər bir fərdi bizimlə qürur duyur. Göstərdiyim qəhrəmanlığa görə Azərbasycan respublikası Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən xidmətimizə böyük dəyər verilərək“ Cəsur döyüşçü” “Şücaətə Görə” “Xocavəndin azad olunmasına görə” “Şuşanın azad olunmasına görə” “Vətən müharibası iştirakçısı” medalları ilə təltif edildim.
Azərbaycanın əldə etdiyi Zəfər təkcə hərbi uğur deyil. Bu, xalqın birliyinin, dövlətimizin gücünün, Ordumuzun peşəkarlığının və şəhidlərimizin müqəddəs qanının nəticəsidir. Bu gün azad Qarabağda dalğalanan üçrəngli bayraq hər bir azərbaycanlı üçün qürur mənbəyidir. O torpaqlarda gedən quruculuq abadlıq işlərini, böyük qayıdış konsepsiyalarının icrasını gördükcə qürur hissi keçirirəm. Bu dərəcədə sürətli quruculuq işləri məncə müharibədən çıxmış heç bir dövlətdə ola bilməz. Mən bu zəfərin şahidiyəm.
Mən bu gün qazi kimi yaşayıram. Yaralarım hər gün mənə müharibəni xatırladır. Amma eyni zamanda xatırladır ki, mən Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüşəm. Bu, ömrümün sonuna qədər daşıyacağım ən böyük şərəfdir. Dövlətimiz də hər daim öz qayğısını hiss etdirir.
Bu yazını oxuyan hər bir gəncə demək istəyirəm ki, Vətən sevgisi sadəcə söz deyil. O, lazım gələndə canını, sağlamlığını və rahatlığını fəda etmək məsuliyyətidir. Azərbaycan gəncliyi tarixini bilməli, şəhidlərimizin və qazilərimizin keçdiyi yolu unutmamalıdır. Növbəti yazılarımda çalışacam ki, özümün şahid olduğu həmin günləri daha da yaxından sizlərlə tanış edim.
Qarabağın azadlığı minlərlə igidin fədakarlığı hesabına qazanılıb. Bu tarixi Zəfər gələcək nəsillər üçün həm qürur mənbəyi, həm də böyük məsuliyyətdir.
Yaşasın müstəqil Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Zəfər qazanan rəşadətli Azərbaycan Ordusu! Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizi qorusun və dövlətimizi daim qüdrətli etsin.
Murad Xudiyev,
İkinci Qarabağ müharibəsinin qazisi