01 avqust 2026 11:11
205

Kamran Bayramov: Azərbaycan Türk dünyasında yeni müttəfiqlik oxu yaradır

"Azərbaycan və Qırğızıstan Prezidentləri İlham Əliyev və Sadır Japarovun Çolpon-Ata şəhərində keçirilən Dövlətlərarası Şuranın üçüncü iclası çərçivəsində Mütəffiqlik münasibətləri haqqında Müqaviləni, eləcə də nəqliyyat, energetika, investisiya və rəqəmsal inkişaf sahələrini əhatə edən geniş sənədlər paketini imzalaması regionun geosiyasi mənzərəsində yeni bir mərhələnin başlanğıcından xəbər verir. Xüsusilə Azərbaycan-Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması Bakının Mərkəzi Asiyada yalnız siyasi deyil, həm də dərin iqtisadi nüfuz dairəsini genişləndirmək niyyətini nümayiş etdirir. Bu razılaşmalar ikitərəfli gündəliyin çərçivəsini aşaraq, Azərbaycanın Türk dünyasındakı strateji mövqelərinin ardıcıl şəkildə möhkəmlənməsinin və Mərkəzi Asiyanın geosiyasi arxitekturasına inteqrasiyasının bariz göstəricisidir."

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, son illərin dinamikası göstərir ki, Azərbaycan çoxşaxəli Türk Dövlətləri Təşkilatı platformasını ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqlik sazişləri ilə tamamlamaq taktikasını yürüdür. Türkiyə, Özbəkistan və Qazaxıstanla artıq mövcud olan bu modelə indi Qırğızıstanın da qoşulması Bakını Mərkəzi Asiya siyasi məkanının ayrılmaz hissəsinə çevirib. Bölgədəki ənənəvi "beşlik" formatının artıq Azərbaycanın fəal iştirakı ilə "altılıq" modelinə transformasiya olunması təsadüfi deyil. Bu konseptual dəyişiklik Azərbaycan Prezidenti İlham Əliyevin "bizim ailəmiz Türk dünyasıdır" strategiyasının əməli müstəvidə reallaşması kimi qiymətləndirilməlidir.

K.Bayramov qeyd edib ki, geoiqtisadi baxımdan Rusiya-Ukrayna müharibəsindən sonra Mərkəzi Asiya ölkələrinin Avropaya çıxışını təmin edən ənənəvi marşrutların məhdudlaşması Orta Dəhlizin rolunu əhəmiyyətli dərəcədə artırıb. Coğrafi mövqeyi və inkişaf etmiş logistik infrastrukturu ilə Azərbaycan bu marşrutun əvəzsiz həlqəsidir, çünki region dövlətləri üçün Cənubi Qafqaz və Türkiyə üzərindən Aralıq dənizi ilə Avropa bazarlarına çıxışın digər real alternativi yoxdur. Rusiya neftayırma infrastrukturuna zərbələrdən sonra yanacaq təminatında çətinlik çəkən və Rusiya ilə Çin arasında xarici iqtisadi balans saxlamağa çalışan Qırğızıstan üçün Azərbaycanla energetika və nəqliyyat sahəsindəki bu əməkdaşlıq milli təhlükəsizlik xarakteri daşıyır.

Deputat diqqətə çatdırıb ki, Bakı və Bişkek arasında bağlanan müttəfiqlik müqaviləsinin regionun digər böyük oyunçuları olan Moskva və ya Pekində ciddi təşviş doğuracağı gözlənilmir. Qırğızıstanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olması onun xarici siyasət manevrlərini müəyyən çərçivədə saxlayır. NATO üzvü olan Türkiyə ilə oxşar sazişin imzalanması geosiyasi qıcıq yarada bilsə də, qoşulmayan və müstəqil xarici siyasət yürüdən Azərbaycanla tərəfdaşlıq və müttəfiqlik regionda mövcud güclər balansını pozmur və üçüncü tərəflərə təhdid yaratmır. Nəticə etibarilə, Azərbaycan Mərkəzi Asiyada təhlükəsizlik və iqtisadi inteqrasiyanın əsas iştirakçısı kimi çıxış edərək, Türk dünyasını vahid geoiqtisadi güc mərkəzinə çevirmək kursunu uğurla davam etdirir.