04 avqust 2026 15:26
120

İxracatçılara yeni dəstək: daşıma xərclərinin 70%-dək hissəsi kompensasiya olunacaq

Azərbaycanın iqtisadi siyasətində qeyri-neft-qaz sektorunun inkişafı və ixracın şaxələndirilməsi prioritet istiqamətlərdəndir. Son illər həyata keçirilən islahatlar nəticəsində qeyri-neft-qaz ixracının həcmi və coğrafiyası genişlənir, yerli məhsulların xarici bazarlarda mövqeyini gücləndirmək üçün müxtəlif dəstək mexanizmləri tətbiq olunur. Ölkədə sahibkarlar üçün yaradılan əlverişli biznes mühiti, ixrac təşviqi alətləri, sənaye zonalarında təqdim edilən güzəştlər və digər stimullaşdırıcı tədbirlər qeyri-neft-qaz ixracına mühüm töhfə verir.

Bu siyasətin tərkib hissəsi olaraq, qeyri-neft-qaz ixracında müsbət dinamikanın davamlılığını təmin etmək, qeyri-neft-qaz məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətini artırmaq və ixracatçıların logistika xərclərini azaltmaq məqsədilə dövlət ixracın dəstəklənməsi mexanizmlərini ardıcıl şəkildə təkmilləşdirir.

Bu istiqamətdə atılan növbəti önəmli addım dövlət başçısının 9 iyun 2026-cı il tarixli “Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanıdır.  

Fərmana əsasən ixrac daşıma dəstəyi yalnız Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracına tətbiq ediləcək. Dəstək məbləği iki kriteriya əsasında hesablanacaq: ixrac olunan malın daşınması üçün çəkilmiş xərclərə görə nağdsız qaydada ödənilmiş məbləğ və istifadə olunan nəqliyyat növündən asılı olaraq ixrac olunan malın gömrük dəyəri.  Daşıma dəmir yolu, hava, dəniz və ya Azərbaycanda qeydiyyata alınmış avtomobil nəqliyyatı ilə həyata keçirildikdə nağdsız ödənilmiş daşıma xərclərinin 70%-i, digər ölkələrdə qeydiyyata alınmış avtomobil nəqliyyatı ilə həyata keçirildikdə isə 50%-i nəzərə alınacaq. Bununla yanaşı, avtomobil, dəmir yolu və hava nəqliyyatı üzrə malın gömrük dəyərinin 15%-i, dəniz nəqliyyatı üzrə isə 5%-i yuxarı hədd kimi müəyyən ediləcək. İxracatçıya bu iki hesablamadan daha az olan məbləğ ödəniləcək.

Daxili daşıma dəstəyi Naxçıvanda istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ölkənin digər ərazilərinə quru yolu ilə daşınmasına şamil olunacaq. Bu halda sahibkar tərəfindən nəqliyyat xərclərinə görə nağdsız qaydada ödənilmiş məbləğin 70%-i dövlət dəstəyi kimi həmin biznes nümayəndəsinə ödəniləcək. Ödənişlər rüb ərzində daşıma həyata keçirən sahibkarların müraciətləri əsasında hesablanacaq və İqtisadiyyat Nazirliyi tərəfindən ödəniləcək.

Dəstək mexanizmi 2026-cı ilin 1 sentyabr tarixindən 2036-cı ilin 30 sentyabr tarixinədək həyata keçirilən daşımalara tətbiq olunacaq.

Mexanizmin tətbiqi üçün mənşə qaydası, dəstəyin şamil olunmadığı əməliyyatlar və şəxslər, dəstəklənəcək malların siyahısı, ölkə qrupları, müraciətlərin təqdim edilməsi və baxılması qaydası, həmçinin müxtəlif nəqliyyat növləri ilə (multimodal) daşımalar üzrə hesablama qaydası ayrıca normativ aktlarla müəyyən ediləcək.

Beləliklə, yeni dəstək mexanizmi ixracatçıların logistika xərclərinin optimallaşdırılmasına, yeni bazarlara çıxış imkanlarının genişlənməsinə və ixrac fəaliyyətinin uzunmüddətli əsasda planlaşdırılmasına əlavə imkanlar yaradacaq. Nəticədə Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyəti yüksələcək, qeyri-neft-qaz ixracının davamlı artımına, ixracın şaxələndirilməsinə və ölkənin xarici ticarət potensialının daha da güclənməsinə töhfə veriləcək.

Nigar Orucova, "İki sahil"