05 avqust 2026 13:28
129

Rusiya Müdafiə Nazirliyi ordunun ştat sayının artırılması ilə bağlı açıqlama verib

Rusiya Federasiyası Müdafiə Nazirliyi silahlı qüvvələrin ştat sayının artırılması qərarını yeni hərbi və hərbi-sosial infrastruktura yaranan təcili tələbatla əsaslandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Nazirliyin bəyanatına görə, tikinti işlərinin spesifik tələbləri və məxfilik rejimi səbəbindən bu tapşırıqların mülki podratçılar tərəfindən icrası çətinləşib. Məhz bu səbəbdən ordunun ştat sayı 27 min nəfər artırılıb.

Hərbi-tikinti bölmələrinin mərhələli şəkildə yaradılması hərbi-tikinti kompleksinin iş səmərəliliyini artırmağa yönəlib. Yeni strukturlar ölkə üzrə prioritet və strateji obyektlərin inşası ilə məşğul olacaq.

İxtisaslı kadrların cəlb edilməsi üçün Müdafiə Nazirliyinin Hərbi Mühəndis-Texniki Universiteti (VİTU) yenidən müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyətini bərpa edir və sentyabrın 1-dən işə başlayır. Nazirlik həmçinin mülki dövlət tikinti universitetləri ilə mütəxəssislərin hazırlığını müzakirə edir. Hərbi-tikinti bölmələrinin hərbi qulluqçuları tikinti ixtisasları üzrə ixtisasartırma kurslarında daimi əsaslarla iştirak edə biləcəklər.

Prezident Vladimir Putinin iyulun 27-də imzaladığı fərmana əsasən, Rusiya Silahlı Qüvvələrinin ştat sayı 27 min nəfər artırılaraq ümumilikdə 2 426 130 nəfərə çatdırılıb. Artırılan 27 min nəfərdən 25 mini hərbi qulluqçuların, 2 mini isə mülki heyətin payına düşür.