06 avqust 2026 23:58
118

Matçı tam analiz edəcəyik və növbəti oyuna hazırlaşacağıq - Qurban Qurbanov

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo"ya (Kiyev, Ukrayna) 0:1 hesabı ilə uduzan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçı dəyərləndirib.

“İki sahil” xəbər verir ki,  mütəxəssis güclü rəqibə qarşı çıxış etdiklərini bildirib: "Danışılası çox şey yoxdur. Rəqibi təbrik edirəm. Cavab qarşılaşmasına hazırlaşmalıyıq. Onlar çox yaxşı müdafiə olundular və sürətli əks-hücumlara çıxırdılar. Sürəti, dinamikanı qaldırmaq lazım idi. Bəlkə də hava şəraiti buna imkan vermədi. Həddindən artıq isti idi. Futbolçuların üzərinə çox getmək istəmədim. Bakıdakı cavab görüşünə hazırlaşacağıq. Bunun üçün 5-6 gün vaxtımız olacaq. Matçı tam analiz edəcəyik və növbəti oyuna hazırlaşacağıq".

Qeyd edək ki, "Dinamo" - "Qarabağ" qarşılaşması Kiyev təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Komandalar arasında cavab matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.