10 avqust 2026 10:07
141

Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisə

Son illər Cənubi Qafqaz bölgəsində baş verən proseslər göstərir ki, regionun gələcək təhlükəsizliyinin artıq hərbi qarşıdurma deyil, siyasi razılaşmalar, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraqlara söykənən əməkdaşlıq əlaqələri müəyyənləşdirir. Bununla əlaqədər bir il əvvəl,  avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanan sənədlər və əldə olunan siyasi razılaşmalar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində yeni mərhələnin əsasını qoymaqla yanaşı, regionun geosiyasi mənzərəsinə də əhəmiyyətli təsir göstərən addım kimi qiymətləndirilir.

Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar fonunda Azərbaycanın irəli sürdüyü sülh gündəliyi beynəlxalq müzakirələrin əsas mövzularından birinə çevrilib. Rəsmi Bakı ilk gündən bəyan edib ki, müharibənin nəticələri siyasi masada hüquqi çərçivəyə salınmalı, dövlətlərarası münasibətlər beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənməlidir. Sonrakı mərhələdə irəli sürülən beş baza prinsipi isə iki ölkə arasında sülh sazişinin hüquqi-siyasi təməlini formalaşdıran əsas konsepsiya kimi diqqət çəkib. Vaşinqtonda keçirilən görüşlər və imzalanan sənədlər isə həmin prosesin növbəti mühüm mərhələsi kimi tarixə düşüb. ABŞ-nin vasitəçilik səyləri, Prezident Donald Trampın prosesə göstərdiyi siyasi dəstək, tərəflər arasında aparılan intensiv diplomatik təmaslar və liderlər arasında formalaşan birbaşa dialoq sülh gündəliyinin irəliləməsində mühüm amillərdən biri kimi dəyərləndirilir. Bu mərhələdə Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasət kursu, beynəlxalq tərəfdaşlarla qurduğu siyasi münasibətlər və ardıcıl diplomatik xətt isə regionda yeni status-kvonun formalaşmasına təsir edən əsas amillər sırasında göstərilir.

Həmin sammit təkcə iki ölkə rəhbərinin növbəti görüşü deyildi. O, Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisə kimi yadda qaldı. Vaşinqtonda aparılan danışıqlar bir daha göstərdi ki, tərəflər arasında dialoq davam edir və bölgənin gələcəyini qarşıdurma deyil, əməkdaşlıq üzərində qurmaq mümkündür.

Vaşinqton sammitindən ötən dövr ərzində Cənubi Qafqazda baş verən proseslər bir daha göstərdi ki, region yeni inkişaf mərhələsinə qədəm qoyub. Dünya artıq Cənubi Qafqaza münaqişəli bölgə deyil, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və logistika məkanı kimi baxır. Bu isə bütün region ölkələri üçün yeni imkanlar yaradır. Məhz bu baxımdan ABŞ Prezidenti Donald Trampın şərəfinə adlandırılmış TRIPP (Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu) layihəsi də diqqət mərkəzindədir. Layihənin əsas məqsədi regionda sülhü möhkəmləndirməklə yanaşı, yeni iqtisadi əlaqələrin formalaşdırılmasına, yükdaşımaların genişlənməsinə və Cənubi Qafqazın qlobal ticarət marşrutlarında rolunun artmasına töhfə verməkdir.

Vaşinqtonda əldə olunan razılaşmalar təkcə diplomatik nəticə deyil, həm də uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Son illər sərhədlərin delimitasiyası istiqamətində əldə olunan razılaşmalar, diplomatik dialoqun davam etdirilməsi, kommunikasiyaların açılması ilə bağlı müzakirələrin intensivləşməsi və regionda etimad mühitinin formalaşdırılması bu siyasətin konkret nəticələri kimi qiymətləndirilə bilər.   Vaşinqtonda qəbul olunan sənədlərdə beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və dövlətlərin suverenliyinə hörmət prinsiplərinin bir daha təsdiqlənməsi gələcək münasibətlərin hansı əsaslar üzərində qurulacağını nümayiş etdirib.

Təhlükəsiz region daha çox investisiya cəlb edir, yeni nəqliyyat marşrutlarının yaranmasına şərait yaradır və biznes mühitinin inkişafına təkan verir. Cənubi Qafqazın Avropa ilə Asiya arasında mühüm tranzit məkanına çevrilməsi perspektivi də məhz uzunmüddətli sülhdən keçir. Bu baxımdan Vaşinqton görüşünün nəticələri yalnız bugünkü siyasi reallıqlarla deyil, gələcək onilliklərin inkişaf strategiyası ilə də əlaqələndirilir.

Bir il əvvəl Vaşinqtonda atılan addımların nəticələri bu gün də Cənubi Qafqazda gedən siyasi proseslərin əsas müzakirə mövzularından biri olaraq qalır. Sülh gündəliyinin irəliləməsi, regional əməkdaşlıq imkanlarının genişlənməsi və yeni iqtisadi-kommunikasiya layihələrinin gündəmə gəlməsi göstərir ki, əldə olunan razılaşmalar təkcə həmin dövrün diplomatik nailiyyəti deyil, həm də regionun gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm mərhələlərdən biridir.

Qarşıdakı dövrdə əsas məsələ əldə olunmuş razılaşmaların praktiki icrası, yekun sülh müqaviləsinin imzalanması və qarşılıqlı öhdəliklərin yerinə yetirilməsidir. Əminliklə qeyd edə bilərik ki, bu prosesin uğurla başa çatması Cənubi Qafqazda uzunmüddətli sabitliyin möhkəmlənməsinə, iqtisadi inteqrasiyanın dərinləşməsinə və regionun beynəlxalq əməkdaşlıq məkanına çevrilməsinə mühüm töhfə verəcək.

Vaşinqtonda keçirilən tarixi görüşdən bir il sonra, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Telefon söhbəti zamanı Vaşinqton sülh zirvəsi və ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin və Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması ilə bağlı sazişin paraflanmasının regionda münaqişəyə son qoyduğu və sülhü təsbit etdiyi vurğulanıb.

Dövlətimizin başçısı Vaşinqton sülh zirvə görüşünə ev sahibliyi etməsinə və sülh gündəliyinə verdiyi töhfələrə görə Donald Trampa minnətdarlığını bildirib. Eyni zamanda, Donald Tramp sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib.

 İki dövlət başçısının telefon danışığı zamanı Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana daşınması, iki ölkə arasında ticarət əlaqələrinin başlanması müsbət hallar kimi qeyd edilib, TRIPP layihəsinin regional bağlantılar baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycan ərazisində nəqliyyat infrastrukturu işlərinin başa çatmaq mərhələsində olduğu bildirilib.

Yekun olaraq, qeyd edək ki, 8 avqust Vaşinqton Zirvəsi və imzalanmış Birgə Bəyannamə ilə Azərbaycanın regionda yaratdığı status kvo bir daha təsbit olundu, beynəlxalq ictimaiyyət, xüsusilə də ABŞ bu yeni reallığı qəbul etdi. Müharibədə qalib gəlmiş Prezident İlham Əliyev sülhü də qazandı.

İsrafil Kərimov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü