10 avqust 2026 18:49
95

Məkkə müqaviləsi: Bölgədə yeni güc mərkəzi formalaşır

Birlikdə Azərbaycanın milli maraqlarına nələr uyğundur?

ABŞ Pezidenti Donald Trampın hakimiyyətə gəlişindən sonra dünyanın siyasi  düzənində bəzi dəyişikliklər reallaşmağa başladı. Xüsusilə, onun Avropa ölkələrinə qarşı sərt ritorikası və hətta iqtisadi məsələlərdə güzəştlərin azaldılmasına çalışması bir çox ölkələrdə gələcəyə yeni baxış formalaşdırdı.

 Məsələn, Tramp NATO- ya dəstəyini azaldacağı iddiasını belə əsaslandırdı ki, ABŞ bu hərbi təşkilata ən çox maliyyə və hərbi dəstək verən dövlətdir.  Ancaq  məqamı gələndə Avropa ölkələri NATO-nun əsas güc mərkəzi olan ABŞ-ın apardığı müharibəyə nəinki dəstək vermirlər, hətta ona qarşı çıxırlar. Təbii ki, belə Avropa ölkələrindən İspaniyanı və İtaliyanı göstərmək olar. Həmin ölkələr ABŞ, İsrail, İran müharibəsində Vaşinqtona öz ərazilərindən istifadəyə imkan vermədilər. Hətta İspaniyanın baş naziri İsraili təcavüzlərini dayandırmağa çağırdı. Bu isə onu göstərir ki, NATO hazırda kövrək bir münaqişə ilə dağıla bilər.

Təbii ki, belə bir məqamda dünyanın bəzi ölkələri, (burada NATO-ya üzv dövlətlər də var) əvvəlcədən özlərini sığortalamaq üçün yeni hərbi-siyasi ittifaq yaratmaq məcburiyyətində qaldılar. Belə ölkələdən biri də qardaş Türkiyədir. Məhz bu ölkənin xeyir- duası ilə 7 avqust 2026-cı il tarixində Məkkə Birgə Müdafiə Müqaviləsi imzalandı. Müqaviləni imzalayan digər iki ölkə isə Səudiyyə Ərəbistanı və Pakistandır. Bu müqavilə tarixi təhlükəsizlik və hərbi əməkdaşlıq paktıdır. Müqavilənin əsas qayəsi kollektiv təhlükəsizlik və çəkindiricilik prinsiplərinə əsaslanır.

Müqavilənin ən mühüm prinsiri belədir: birimizə hücum, hamımıza hücumdur. Sənədə əsasən, bu üç dövlətdən hər hansı birinə edilən silahlı hücum birbaşa digər iki ölkəyə də edilmiş sayılacaq. Bu sistem mahiyyət etibarilə NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsi ilə eyni prinsipə uyğundur.

Əslində, bu üç ölkənin birgə hərbi paktında digər önəmli məsələ   güclərin inteqrasiyasını genişləndirməkdir. Burada Türkiyə, Səudiyyə Ərəbstanı və Pakistanın  hərbi elementlərinin birgə fəaliyyət göstərməsinə imkan yaranacaqdır. Yəni, məqsəd  hərbi təlimlərin keçirilməsi və əməliyyat uyğunluğunun  artırılmasını planlaşdırmaqdır. Məkkə müqaviləsindəki önəmli hədəflərdən biri terrorsuz bölgə yaratmaqdır. Bu, regionda sabitliyin təmin olunmasını və terrorizmlə müştərək mübarizəni təmin edəcəkdir. Eyni zamanda, müqavilənin təsbit etdiyi məqamlardan biri də stateji və iqtisadi təhlükəsizliyi qorumaqdır.

Hərbi və siyasi ekspertlər bildirirlər ki, Məkkə müqaviləsində hər üç ölkənin fərqli sahələrdəki üstünlükləri  birləşdirilib. Belə ki, hazırda Türkiyənin yüksək hərbi texnologiyaları (məsələn, PUA-lar, müasir Kaan qırıcı təyyarəsi) dünyaya səs salıb. Bundan başqa, bu ölkə müdafiə sənayesinin gücünü durmadan artırmaqla dünya hərb sənayesinə öz töhfələrini  verir.

Müqavilədəki ikinci ölkə Səudiyyə Ərəbistanı hazırda  bölgənin ən böyük maliyyə maşınıdır. Bu ölkə yaxın gələcəkdə hərbi layihələrin sürətlə maliyyələşdirilməsini və iqtisadi dayanaqlığı təmin etməyi öz üzərinə götürür. Pakistan isə islam dünyasının yeganə nüvə silahına malik ölkəsi olaraq ittifaqa qarşı olanlara strateji nüvə xəbərdarlığı verməyə qadirdir. Eyni zamanda, bu ölkənin ordusunun peşəkarlığı və say çoxluğu da mühüm amildir.

Türkiyə rəsmiləri bəyan ediblər ki, Məkkə  Müqaviləsi Türkiyənin NATO qarşısındakı öhdəliklərinə zidd deyil və ona alternativ xarakter daşımır. Bu saziş yalnız müdafiə məqsədlidir və heç bir üçüncü ölkəni hədəf almır. Həmçinin vurğulanıb ki, bu sənəd Türkiyə ordusunun hər regional böhrana birbaşa cəlb olunacağı mənasına gəlmir. Əksinə hərbi əməliyyat qərarları Türkiyə Cümhuriyyətinin Konstitsiyasının tələb etdiyi maddələr çərçivəsində veriləcəkdir.

Əslində, Məkkə müqaviləsi ölkəmizin də təhlükəsizliyi baxımından önəmlidir. Çünki Azərbaycanın müqavilədki hər üç ölkə ilə dost və qardaşlıq münasibətləri mövcuddur. Xatırladaq ki, 2021-ci ilin 15 iyulunda  Azərbaycan Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Şuşada birgə imzaladıqları Şuşa Bəyannaməsi hər iki ölkənin milli təhlükəsizliyini qoruyan mühüm sənəddir. Bu sənəddə  Azərbaycana hücum Türkiyəyə hücum kimi dəyərləndirilib.

Bundan başqa,  bizim Məkkə müqaviləsinin digər iki üzvü olan Pakistan və Səudiyyə Ərəbstranı ilə önəmli iqtisadi və hərbi müqavilələrimiz mövcuddur. Eyni zamanda, həmin ölkələr İkinci Qarabağ müharibəsində Azərbaycana mənəvi və siyasi dəstəklərini əsirgəməyən dost ölkələrdir.

Elçin Zaman, “İki sahil”