Sağlam qidalanmanın əsas seçimlərindən birinə çevrilən yulaf xüsusilə səhər yeməyində geniş istifadə olunur. Tərkibində yüksək miqdarda lif olan yulaf düzgün porsiyada və digər qida qrupları ilə birlikdə qəbul edildikdə faydalı seçim sayıla bilər. Lakin mütəxəssislər onun da nəzarətsiz istehlak edilməməli olduğunu bildirirlər.
Qidalanma və pəhriz üzrə türkiyəli mütəxəssis Fatma Betül Çelebi yulafın təkbaşına “möcüzəvi qida” olmadığını və sağlam hesab edildiyi üçün istənilən miqdarda yeyilməsinin düzgün yanaşma olmadığını deyib. Mütəxəssisin sözlərinə görə, yulaf tam taxıl məhsulu olması və yüksək lif tərkibi ilə sağlam qidalanmada yer ala bilər. Tərkibindəki beta-qlükan isə xolesterinin azalmasına kömək göstərə bilər.
Çələbi qeyd edib ki, iki dolu xörək qaşığı yulaf təxminən bir dilim tam buğda çörəyinə bərabərdir. Buna görə də yulafın faydalı olması onun məhdudiyyətsiz istehlak edilə biləcəyi anlamına gəlmir. Porsiyaya nəzarət edilmədikdə gündəlik qəbul edilməli olan karbohidrat miqdarı arta bilər: “Yulafın qatıq və meyvə ilə birlikdə yeyilməsi onun qida dəyərini artıra bilər. Lakin meyvənin əlavə edilməsi ümumi karbohidrat miqdarını da yüksəldir. Bu səbəbdən yulaflı səhər yeməyini badam, şəkərsiz fıstıq əzməsi, çia və ya kətan toxumu kimi sağlam yağ mənbələri ilə tamamlamaq tövsiyə olunur. Yulafı yumurta və kəsmiklə hazırlanan yeməklərdə istifadə etməklə zülal miqdarını da artırmaq mümkündür.”
Yulaf hər kəs üçün eyni miqdarda uyğun deyil
Mütəxəssis xüsusilə şəkərli diabeti olan şəxslərin və uşaqların yulaf qəbuluna diqqət etməli olduğunu vurğulayıb: “Yulaf tək qəbul edildikdə qanda şəkərin miqdarının yüksəlməsinə səbəb ola bilər. Uşaqlarda isə yalnız yulafdan ibarət səhər yeməyi kifayət qədər zülal təmin etməyə bilər. Buna görə də hər gün eyni formada yulaf yemək əvəzinə müxtəlif və balanslaşdırılmış qidalanmaya üstünlük verilməlidir.
Əslində yulafın sağlam seçim olub-olmaması onun nəyin əvəzinə və hansı miqdarda istehlak edilməsindən də asılıdır. Məsələn, simit və ya bulka əvəzinə yulaf seçilməsi daha məqsədəuyğun ola bilər. Lakin yulaf hər zaman yüksək zülallı səhər yeməyini əvəz etmir. Yəni əsas məsələ yulafı menyudan çıxarmaq deyil, onu düzgün porsiyada və zülal, sağlam yağlar, meyvə-tərəvəz kimi digər qida qrupları ilə balanslı şəkildə qəbul etməkdir.
Şahnigar Əhmədova, “İki sahil”