14 avqust 2026 13:35
120

Qarabağ Universitetində tələbə həyatı: Məqsədimiz yalnız ixtisaslı mütəxəssis deyil, hərtərəfli şəxsiyyət yetişdirməkdir

Rektor Şahin Bayramov: Tələbələr universiteti diplomla yanaşı, real təcrübə, beynəlxalq dünyagörüşü və öz ideyalarını reallaşdırmaq cəsarəti ilə bitirməlidirlər

Qarabağ Universitetində tələbə həyatı yalnız auditoriya və akademik proseslə məhdudlaşmır.

Universitetin rektoru Şahin Bayramov “İki sahil”ə müsahibəsində bildirib ki, tələbənin universitetdə keçirdiyi illər onun yalnız peşəkar deyil, həm də şəxsiyyət kimi formalaşdığı, dünyagörüşünü genişləndirdiyi və öz potensialını kəşf etdiyi mühüm mərhələdir.

Rektor qeyd edib ki, bu yanaşmadan çıxış edərək tələbələrin elmi, intellektual, innovativ, sosial, mədəni və idman fəaliyyətlərində fəal iştirakını dəstəkləyən geniş imkanlar yaradılır. Onun sözlərinə görə, bunun nəticələri tələbələrin müxtəlif sahələrdə qazandığı uğurlarda özünü göstərir.

Şahin Bayramov vurğulayıb ki, Qarabağ Universitetinin tələbələri ölkə miqyaslı akademik yarışlarda da uğurla iştirak edirlər. Belə ki, “Vergilər” mövzusunda ümumrespublika olimpiadasında 29 ali təhsil müəssisəsindən 352 tələbə arasında universitetin tələbələri birinci və ikinci yerlərə layiq görülüblər. Rektor bu nəticəni tələbələrin yalnız universitet daxilində deyil, ölkə səviyyəsində akademik rəqabətə hazır olmalarının göstəricisi kimi qiymətləndirib.

İnnovasiya və texnologiya sahəsində də tələbələrin fəallığının diqqətçəkən olduğunu bildirən rektor qeyd edib ki, tələbələr Beynəlxalq STEAM Azərbaycan Festivalında, Beynəlxalq Astronavtika Konqresində və müxtəlif innovasiya platformalarında universiteti uğurla təmsil ediblər. Tələbələrin hazırladığı bir sıra innovativ layihələr beynəlxalq forum və sərgilərdə də maraqla qarşılanıb.

Bayramov “Enactus Qarabağ” komandasının Azərbaycan üzrə qalib olaraq Tailandda keçirilən Dünya Kubokunda ölkəmizi təmsil etməsini, həmçinin tələbələrin Türkiyədə təşkil olunan “Türk Dünyası PUA” yarışında üçüncü yerə layiq görülməsini universitetin tələbə nailiyyətləri sırasında xüsusi qeyd edib.

Rektor əlavə edib ki, tələbələrin elmi-tədqiqat fəaliyyətinə erkən mərhələdən cəlb olunması da universitetin əsas prioritetlərindəndir. Universitetdə təşkil olunan “EDU-con 2026” və “Gələcəyin Mühəndisi” kimi platformalar tələbələrə elmi ideyalarını təqdim etmək, tədqiqat aparmaq və müxtəlif sahələrdən olan həmyaşıdları ilə fikir mübadiləsi aparmaq imkanı yaradır. Onun sözlərinə görə, bu təşəbbüslər gənclərdə araşdırma mədəniyyətinin və elmi düşüncənin formalaşmasına mühüm töhfə verir.

Beynəlxalq təcrübə və dünyagörüşünün formalaşdırılması da Qarabağ Universitetində tələbə həyatının mühüm istiqamətlərindən biridir. Şahin Bayramov bildirib ki, QUMUN 2026 Beynəlxalq BMT Modeli konfransında 20-dən çox ölkədən 100-dən artıq iştirakçının Xankəndidə bir araya gəlməsi tələbələr üçün beynəlxalq dialoq və əməkdaşlıq mühiti yaradıb. Belə tədbirlər gənclərin müxtəlif ölkələrdən olan tələbələrlə ünsiyyət qurmasına, qlobal məsələləri müzakirə etməsinə və fikirlərini beynəlxalq platformalarda inamla ifadə etməsinə imkan verir.

Tələbə həyatının digər mühüm istiqamətinin incəsənət və yaradıcılıq olduğunu diqqətə çatdıran rektor İncəsənət fakültəsinin tələbə və müəllimlərinin VIII və IX “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında təmsil olunmasını da qeyd edib. Onun sözlərinə görə, bu, Qarabağ Universitetinin yalnız akademik sahədə deyil, Azərbaycanın mədəni həyatında da fəal iştirak etdiyini göstərir. Universitet tələbələrin yaradıcılıq potensialının üzə çıxarılmasını və onların milli mədəniyyəti beynəlxalq müstəvidə layiqincə təmsil etməsini mühüm inkişaf istiqamətlərindən biri hesab edir.

Şahin Bayramov vurğulayıb ki, bütün bu fəaliyyətlərin əsas məqsədi yalnız öz ixtisasını yaxşı bilən mütəxəssis yetişdirmək deyil. Universitet məzunlarının liderlik edə bilən, təşəbbüs göstərən, tədqiqat aparan, innovativ düşünən, komanda ilə işləyən, fikirlərini inamla ifadə edən və qlobal mühitdə rəqabət apara bilən şəxsiyyət kimi formalaşmasına çalışır.

“Biz istəyirik ki, tələbələr universiteti bitirərkən diplomla yanaşı, real təcrübə, zəngin əlaqələr şəbəkəsi, beynəlxalq dünyagörüşü və öz ideyalarını reallaşdırmaq cəsarəti də qazansınlar”, – deyə rektor əlavə edib.

Yaqut Ağaşahqızı, “İki sahil”