14 avqust 2026 19:21
98

Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təşviqi, eləcə də fermerlərin bilik və bacarıqlarının artırılması istiqamətində silsilə tədbirlər davam etdirilir. Bu çərçivədə Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən Qurbanəliyev Mövlüddinin boz-qafqaz damazlıq arı təsərrüfatında “Arı Xəstəliklərinin İdarə Edilməsi: Müasir Çağırışlar və Biotəhlükəsizlik” mövzusunda 3 günlük təlim proqramının sonuncu günündə praktiki və maarifləndirici sahə görüşü keçirilib.

təlim proqramının əsas məqsədi arıçılıq təsərrüfatlarında xəstəliklərin vaxtında müəyyənləşdirilməsi, profilaktik tədbirlərin düzgün təşkili, arı ailələrinin sağlamlığının qorunması və biotəhlükəsizlik qaydalarının tətbiqi istiqamətində fermerlərin praktiki bilik və bacarıqlarının artırılması olub. Bu məqsədlə Türkiyədən dəvət olunmuş beynəlxalq ekspert, professor Mustafa Necati Muz tərəfindən aparılan sessiyalarda TOT iştirakçıları və yerli fermerlərə arı xəstəliklərinin idarə olunmasına dair müasir yanaşmalar təqdim edilib. Sessiyalar zamanı xəstəliklərin ilkin əlamətlərinin vaxtında müəyyənləşdirilməsi, arı ailələrinin mütəmadi müşahidəsi, təsərrüfatlarda sanitariya və gigiyena qaydalarına əməl olunması, eləcə də profilaktik tədbirlərin vaxtında və düzgün həyata keçirilməsi ilə bağlı ətraflı məlumatlar verilib.

Sahə görüşünün zamanı iştirakçılara arı ailələrinin vəziyyətinin qiymətləndirilməsi, pətəklərin və arıçılıq avadanlıqlarının düzgün istifadəsi, xəstəlik risklərinin azaldılması və təsərrüfatlarda biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı əyani izahlar verilib. Fermerlərin sualları cavablandırılıb və konkret təsərrüfat nümunələri üzərindən müzakirələr aparılıb. Sessiyalar zamanı vurğulanıb ki, arı xəstəlikləri ilə mübarizədə yalnız xəstəlik yarandıqdan sonra müalicə tədbirlərinin həyata keçirilməsi deyil, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi daha səmərəli nəticə verir.

Üç gün davam edən proqram çərçivəsində əldə olunan nəzəri və praktiki biliklərin iştirakçıların gündəlik fəaliyyətində tətbiqi, eləcə də onların öz bölgələrində digər arıçılara biliklərin ötürülməsi nəzərdə tutulur. TOT iştirakçılarının iştirakı isə əldə edilən təcrübənin daha geniş fermer auditoriyasına çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Yuxarı Tala kəndində keçirilən sahə görüşü fermerlərin maarifləndirilməsi, arıçılıqda müasir və elmi əsaslı yanaşmaların təşviqi, xəstəliklərə qarşı effektiv mübarizə mexanizmlərinin təbliği və təsərrüfatlarda biotəhlükəsizlik mədəniyyətinin formalaşdırılması baxımından faydalı olub.

Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən keçirilən bu kimi beynəlxalq və yerli təcrübə mübadiləsinə əsaslanan praktiki təlimlər və sahə görüşləri kənd təsərrüfatı sahəsində çalışan fermerlərin peşəkar bilik və bacarıqlarının artırılmasına, müasir texnologiya və yanaşmaların təsərrüfatlarda tətbiqinə, qabaqcıl təcrübələrin yerlərdə yayılmasına, eləcə də arıçılıq sahəsində xəstəliklərin qarşısının alınması və biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsinə mühüm töhfə verir.